Yoluxma sayı kəskin artdı - Necə mübarizə aparaq?

Yoluxma sayı kəskin artdı
Oxunma sayı: 10810

Azərbaycanda sonuncu dəfə noyabrın ortalarında qeydə alınan yüksək yoluxma sayı bu gün yenidən təkrarlanıb.

“Qafqazinfo” xəbər verir ki, son bir həftədə 1500 ətrafında qeydə alınan yoluxanların sayı bu gün qəfildən 2400-ü ötdü. Bir gün ərzində minə yaxın yeni yoluxma artıq öncə cəmiyyəti, sonra isə dövləti düşünməyə vadar edir.

Hələ rəsmi olaraq təsdiqlənməsə də, amma bu artımın koronavirusun yeni mutasiyaya uğrayan Omikron versiyasına görə olduğu ehtimal edilir. Çünki Omikron bu günə kimi qeydə alınan COVID növlərinin hər birindən daha sürətli yayılır. Bununla bağlı beynəlxalq mütəxəssislər də, yerli məsul şəxslər də xəbərdarlıq etmişdi. Hətta bu növə qalib gəldikdən sonra koronavirus pandemiyasının bitəcəyi ilə bağlı proqnozlar da verilib.

Görünən budur ki, Omikron hələ də yüksələn xətt üzrə yoluxma sayında artıma davam edəcək, hətta təxminən 2 illik pandemiya dönəminin rekord göstəricilərini yeniləyəcəyi də güman edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, burada öncə məsuliyyət cəmiyyətin üzərinə düşür. İnsanların pandemiyanı bitirə bilməsi üçün iki asan və məsuliyyət tələb edən çıxış yolu var: Peyvənd olunmaq və karantin qaydalarına əməl etmək.

Biz 2 illik pandemiya tarixinə nəzər salanda görürük ki, nə zaman insanlar qaydalara ciddi əməl edib və yoluxma sayı azalıb, bunun ardınca mütləq hansısa səviyyədə karantinin yumşaldılması addımları atılıb. Əksi baş verdikdə isə təkrarən qapadılma qərarları verilib.

Bu gün də bizi oxşar ssenari gözləyir. Koronavirusa qarşı vaksin olunsaq, xəstəliyi adi yüngül keçirtsək və ağırlaşma halları baş verməsə, hər hansı məhdudiyyət tətbiq edilməyəcək. Bəşəriyyət bundan öncə də pandemiyalarla qarşılaşıb və nizam-intizam sayəsində hər birinə qalib gəlib. Bu gün də artıq sonuncu mərhələdə olduğu deyilən virusla mübarizə tədbirlərinə əməl etsək, yaxın aylar bu da qalib gəldiyimiz növbəti pandemiyalardan olacaq. Peyvənd olunmaq virusa yoluxduqdan sonra xəstəliyi yüngül keçirməklə nəticələnir və beləliklə, vətəndaşlar özləri vitaminlərlə bu virusa qalib gəlirlər. Bununla da ağırlaşma halları artmır, xəstəxanalar yüklənmir, ölüm halları yüksəlmir. Bu da yüz il öncə insanları öldürən qrip virusunun bugünkü halı ilə eyniləşmə demək olur. Yəni, hər kəs vaksin olunsa, koronavirusu da qrip kimi 3-5 günə keçirib sağalarıq.

Artıq karantin müddətinin də 14 gündən 7 günə salınması virusa müəyyən qədər qalib gəldiyimizin göstəricisidir. Bu məqam həm də sağalanların sayının artması ilə də nəticələnir. Bu gün bu rəqəm 5197-a çatıb.

Son bir il ərzində aparılan peyvəndləmə də bu gün 2 mindən yuxarı yoluxma ilə gündəlik həyatımıza davam etməyə imkan verir. Koronavirusun Azərbaycanda yayıldığı ilk aylarda gündəlik 400-600 yoluxma dəhşətli hal kimi qəbul edilirdi, hətta lokdaunlar da tətbiq olunurdu. Bütün kafe-restoranlar bağlanmış, küçəyə çıxmaq icazə ilə müəyyən vaxt ərzində mümkün idi. Bu gün isə 2400-ü ötən yoluxma sayı ilə yalnız qapalı məkanda maska taxmaq tələbi qüvvədədir. Bu da vaksin olunma sayəsində mümkün olub.

Buna görə də növbəti günlərdə yaşanacaq yoluxma sayının artmasına qarşı ən effektiv üsul vaksin olunmaq və “buster” dozanı qəbul etməkdir.

Bura qədər sadalananlar cəmiyyətin üzərinə düşən addımlar idi və bunlara əməl olunacağı təqdirdə insanlar özləri karantinlə bağlı qərar vermək üstünlüyünə malik olacaqlar. Lakin bu baş verməsə, ikinci struktur düşünməyə və konkret addımlar atmağa məcbur olacaq. Dövlət insanların sağlamlığını qorumaq üçün artıq daha öncə sınaqdan keçirdiyi məhdudiyyət tədbirlərinə əl atmalı olacaq.

Operativ Qərargahın bir ay öncə keçirilən sonuncu brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov da bununla bağlı hökumətin mövqeyini bildirmişdi. Ş.Mövsümov qeyd etmişdi ki, “Omicron” ştamının həddindən artıq yüksək yoluxdurucu olması rəsmiləri də narahat edir. Prezident köməkçisi hətta Omikrondan sonra dünya ölkələrinin tətbiq etdiyi qadağaları da təkrar yada salmışdı: “Niderlandda buna görə Milad və digər bütün bayramlar ləğv edilib. Danimarkada konsert zalları, kinoteatrlar bağlanıb, Yunanıstanda bütün Milad tədbirləri ləğv edilib, 60-dan yuxarı şəxslərin məcburi vaksin olunmasına qərar verilib. Portuqaliyada bütün barlar bağlanıb, Böyük Britaniya və Parisdə Yeni il şənlikləri, Almaniyada bir məkanda 10 nəfərdən çox adam toplanması qadağan edilib. Avstriyada lokdaun vəziyyəti tətbiq edilir, insanlar yalnız işə getmək və digər zəruri tələblər üçün evi tərk edirlər”.

Bunun ardınca Şahmar Mövsümov vurğulamışdı ki, Azərbaycanda hazırda vəziyyət stabildir, karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur: “Amma qeyd etdiyim ölkələrdəki vəziyyətin Azərbaycanda olması ehtimalı yüksəkdir. Bunun baş verməməsi üçün yeganə yol vaksin olunmaqdır”.

Eyni mövqeni səhiyyə naziri Teymur Musayev də bölüşmüşdü.

Hazırda ölkədə yoluxma sayı artımla davam etsə də, onların xəstəxanalara yerləşdirilməsi halları həmin tempə uyğun artmır. Bu da peyvəndlənən vətəndaşların Omikron ştamına yoluxduqdan sonra xəstəliyi yüngül keçirməsinə görədir.