“Yeni ştam “Petkim”ə müsbət təsir göstərəcək”

“Yeni ştam “Petkim”ə müsbət təsir göstərəcək”
Oxunma sayı: 1616

“Pandemiyanın neft-kimya sektoruna mənfi təsirləri müşahidə olunmadı, əksinə müsbət təsirlərini hiss etdik”.

“Qafqazinfo” xəbər verir ki, bunu SOCAR Türkiyə Neft emalı və Neft-kimya birliyinin baş direktoru və Petkimin baş direktoru Anar Məmmədov İzmirdə keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, yeni ştamın meydana gəlməsinin "Petkim"ə neqativ təsiri olmayacaq, hətta böyük ehtimalla müsbət təsiri özünü göstərəcək: "Ümumiyyətlə, bu dövrdə neft-kimya məhsullarına tələb azalmadı, əksinə artış oldu. Yeni ştam, köhnə ştam - fərq etmir. Tibb məhsullarına, plastik, polimer məhsullara tələb artdı". 

Anar Məmmədov əlavə edib ki, ümumilikdə enerji məhsullarına tələb azalsa da, növbəti dövrdə neft-kimya məhsullarına tələb azalmayacaq. 

Eləcə də, enerji məhsullarına azalan tələb STAR NEZ-in fəaliyyətinə böyük təsir göstərməyəcək. 

"STAR NEZ ən effektiv və ən son texnologiyalarla qurulan zavoddur. Biz hazırda Petkim üçün naftanı təmin edirik. Gələcəkdə digər məhsulları da təmin edə bilərik. STAR NEZ-də benzinin istehsalında istifadə olunan reformator da emal edilir. Gələcəkdə bununla bağlı da layihələr ola bilər". 

Qeyd edilib ki, ötən dövr ərzində neft-kimya məhsullarına tələbatın artması ilə birlikdə tədarük məhdudiyyətlərinin yaşandığı dövrdə Petkim STAR Neft Emalı Zavodunun inteqrasiyası ilə istehsalına fasiləsiz davam etmək üstünlüklərindən də istifadə edilib. Məhsul müxtəlifliyinin və fasiləsiz istehsalın toplam satışlarda əks olunduğu bu dövrdə tutumlardan istifadə əmsalı əvvəlki ilə müqayisədə 89,5 faizdən 92,2 faizə yüksəlib.

Gülnar Əliyeva