“Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirildi - Fotolar

“Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirildi
Oxunma sayı: 879

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən iyunun 24-də Xaçmaz rayonunun Əbilyatağı kəndində açıq hava şəraitində “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə, həmçinin şimal regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Şahin Mirzəyev tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Natiq yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıb.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Sonra mövzü ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında 6-8 metrlik məsafənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.