“Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirildi - Fotolar

“Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirildi
Oxunma sayı: 697

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən 29 iyun 2022-ci il tarixində Hirkan Milli Parkında açıq hava şəraitində “Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə cənub regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər tərəfindən meşə sahələrində və zolaqlarında yanğına qarşı rejimin təyin edilməsinin, meşə ərazilərində baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə xəbardaredici lövhələrin quraşdırılmasının vacibliyini vurğulayıb.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, meşə təsərrüfatı işçiləri tərəfindən yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil və dəmir yolları arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, həmçinin meşəərtafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin vacibliyini bildiriblər.

Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı polis mayoru Vüqar Mirzəyev isə çıxış edərkən mövzunun aktuallığını diqqətə çatdıraraq bildirib ki, meşə və meşəətrafı ərazilərdə xüsusilə yay mövsümündə vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidirlər və bunun üçün hər bir vətəndaş məsuliyyət daşıyır.

Daha sonra mövzü ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına texnika vasitəsilə meşəətrafı ərazidə 6-8 metrlik məsafənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.