Yaxın saatlarda hava şəraiti dəyişəcək

Yaxın saatlarda hava şəraiti dəyişəcək
Oxunma sayı: 2788

“Dünəndən cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun iqlim normasından 5 dərəcəyədək yüksək olmasına səbəb olub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, küləyin maksimal sürəti Qobustanda 28 m/s, Daşkəsəndə 25 m/s, Xınalıqda 24 m/s, Altıağacda 18 m/s, Lerik, Astarada 17 m/s, Qubada 16 m/s, Yardımlıda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Maştağa, Qum adası, Binədə 18 m/s, Neft Daşlarında 17 m/s, Çilov adasında 16 m/s, Sumqayıtda 15 m/s-ə çatıb. 

Hazırda Bakıda havanın temperaturu 18-20 dərəcə isti təşkil etsə də və hava nisbətən mülayim olsa da, yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru  Bakıda və Abşeron yarımadasında 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə 30 m/s olacaq. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Sabah gündüz saatlarında külək zəifləyəcək.