Yanğın təhlükəsizliyi ilə bağlı daha bir tədbir keçirildi - Foto

Yanğın təhlükəsizliyi ilə bağlı daha bir tədbir keçirildi
Oxunma sayı: 658

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Masallı rayonunun Göyəçöl kəndində taxıl sahəsində “Yay mövsümündə dənli və texniki bitkilərin tədarükü zamanı, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə, həmçinin cənub regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıb.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Sonda tədbir iştirakçılarına texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.