Xəzər dənizində insan qalıqları tapıldı

Xəzər dənizində insan qalıqları tapıldı
Oxunma sayı: 4326

Xəzər dənizində insan qalıqları aşkarlanıb.

Bunu “Qafqazinfo”ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, qalıqlar bir həftə əvvəl aşkarlanaraq sudan çıxarılıb:

“Onun kimliyi hələlik bəlli deyil. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi üçün qalıqlar ekspertizaya təqdim olub. Araşdırma aparılır”.

İ.Əhmədov vurğulayıb ki, bu, dekabrın 1-i itkin düşən SOCAR əməkdaşı deyil.

Xatırladaq ki, SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. M. Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.