Vilyam Hacıyevin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi

Vilyam Hacıyevin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi
Oxunma sayı: 1824

Bir müddət əvvəl koronavirusa yoluxan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin vəziyyəti ağırlaşıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, ağciyərinin çox hissəsi zədələnən sabiq İH başçısı reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, koronavirusa yoluxan Vilyam Hacıyev 20 gündür xəstəxanada müalicə olunur. Onun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasları təxirə salınıb.

Xatırladaq ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.