Vilyam Hacıyevin 13 il həbsi tələb olundu

Vilyam Hacıyevin 13 il həbsi tələb olundu
Oxunma sayı: 1577

Külli miqdarda mənimsəmə və rüşvət ittihamı ilə həbs edilmiş İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, keçmiş başçının 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Bundan başqa onun üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını istəyib.

Xatırladaq ki, V.Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. İttihama görə, onun icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsinə əsaslı şübhələr müəyyən olunub. Onun xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri keçirilib. Baxış zamanı V.Hacıyevin baş mühasib Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri aşkar edilib.

Sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

DTX-də aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə barəsində həbs qətimkan tədbiri seçilib.

Amin Nəzərli

Həmçinin oxuyun: Bakıda özəl klinikanın 27 yaşlı əməkdaşı intihar etdi