Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...

06.03.2021 | 11:32 Oxunma sayı: 14
Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...

Xəbər verdiyimiz kimi, Vətən müharibəsinin ilk günü itkin düşən əsgər Yusubov Orxan Allahverdi oğlunun nəşi tapılıb.

O. Yusubov 1992-ci il yanvarın 19-da Gəncə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 21-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən təlimlərə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Orxan Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O. Yusubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşmüşdü. Subaydır.

Ötən ilin dekabrında “Qafqazinfo”da Orxanla bağlı material dərc olunmuşdu. Həmin yazını bir daha təqdim edirik:

Allahverdi Yusubovun sözlərinə görə, sentyabrın 21-də oğlu Kəpəz rayon Səfərbərlik Xidmətinin çağırışıyla təlimə yollanıb: “N saylı hərbi hissənin “Həmlə” qrupunda olub. Sentyabrın 26-da zəng etdi ki, onları Toğanaya gətiriblər. Səhəri gün də müharibə başladı, həmin tarixdən sonra əlaqəmiz yoxdur. Rayonun Səfərbərlik şöbəsinə dəfələrlə müraciət etdik. Onlar da bildirdi ki, Hərbi Prokurorluqda olan siyahıyla tanış olmaq lazımdır. Oktyabrın 21-də siyahıya baxdıq. Prokuror dedi ki, oğlum naməlumların siyahısındadır. Murovda neytral zonada qalıblar. Daha sonra hərbi hissəyə getdim. Dedilər ki, 41 nəfər itkin düşüb. Yaralanan və sağ qalanlardan da oğlumu harada gördüklərini soruşdum. Əsir düşüb düşməməsi məsələsi barədə də bizə məlumat verilmir”.

Orxanın anası Sabirə Yusubova isə bildirib ki, oğlu Kəpəzdə yerləşən marketlərin birində administrator işləyib: “Sentyabrın 21-də səhər onu işə yola saldım. İşdə Səfərbərlikdən zəng gəlib. O da atasıyla danışaraq evdən hərbi biletini gətirməsini istəyib. Mən oğlumla sağollaşmadan, görüşmədən təlimə getdi. İki oğul övladım var. Orxan subaydır, 3 aydır ki, ondan xəbər ala bilmirik. Sonuncu danışığımız elə sentyabrın 26-da olub. İstəyimiz odur ki, oğlumuz haqqında tezliklə xoş xəbər eşidək”.

Ən son xəbərlər