Uşaqların sağlam inkişafında cüdonun rolu - Fotolar+Video

Uşaqların sağlam inkişafında cüdonun rolu
Oxunma sayı: 1951

Güləşlə yanaşı cüdo da Azərbaycan idmanında vacib yerlərdən birini tutur. Bunun əsas səbəbi idman növünə ölkədə kütləvi marağın olması və idmançılarımızın qazandığı böyük uğurlardır. Xüsusən son illərdə Azərbaycan cüdosunda yetişən və beynəlxalq arenalarda sözünü deyən idmançıların çox olması uşaqların da bu yola qədəm qoymasına gətirib çıxarır. Məşhur cüdoçumuz Nazim Hüseynovun 1992-ci ildə Barselona Olimpiadasında qazandığı medal uğurlu cığırın başlanğıcı oldu. Onu özünə örnək götürənlər yavaş-yavaş Azərbaycan cüdosunda rol oynamağa başladı. Elnur Məmmədlinin 2008-ci ildə Pekin Olimpiadasındakı fantastik çıxışı bu idman növünün populyarlaşmasına böyük təkan verdi. Qızıl medala gedən yoldakı ipponlar sanki cüdomuzu diriltdi.

Bundan sonra cüdoda məşhur idmançılarımızın sayı da artmağa başladı. Gənclər Elxan Məmmədov, Mövlud Mirəliyev kimi uğurlu cüdoçuların davamçıları olmağa can atdı. Rüstəm Orucov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Orxan Səfərov kimi uğurlu fərdlər yetişməyə başladı. Bu artıq yeni eranın başlanğıcı idi. Son 20 ildə Azərbaycanın bölgələrində azyaşlıların cüdoya olan marağı xüsusi diqqət çəkməlidir. Müxtəlif idman klublarında və Olimpiya Komplekslərində təşkil olunan məşqlərdə xeyli sayda uşaq iştirak edir, maraq göstərir.

Bəs, cüdo uşaqların həyatında nə kimi rol oynayır?

Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev daim Azərbaycanın idman ölkəsi olduğunu, uğurlu idmançıların yetişdiyini qeyd edib. Cüdo da bizim idman ölkəsi olduğumuzu sübut edən əsas növlərdən biridir. İlk növbədə Olimpiya idman növü olması uşaqlar üçün xüsusi əhəmiyyət kəsb edir. Dünyanın ən böyük idman yarışında iştirak etmək hər kəsin arzusudur. Bu baxımdan cüdo azyaşlıların bu növü sevməsinə şərait yaradır. İkinci məsələ, “sağlam həyat idmandan keçir” prinsipini əsas tutaraq cüdoya yönələnlər də çoxdur.

Uğurlu idmançılarımız uşaqlıqda niyə cüdonu seçib və sağlam inkişaflarında hansı rolu oynayıb? Bunu araşdırmaq üçün Azərbaycan cüdosunun əsas simalarından olan Rüstəm Orucovla danışdıq. Təcrübəli cüdoçu idmanın həyatındakı rolunu bu cür təsvir etdi: “7 yaşından cüdo ilə məşğul olmağa başlamışam. Atam istədi ki, bu idman növü ilə məşğul olum. Səbəb də o idi ki, özümü müdafiə edə bilim. Nəticədə özümü cüdoda çox inkişaf etdirdim. Artıq həyat tərzimə çevrilməyə başladı. İndi də özümü ancaq burada görürəm. Bütün həyatım cüdoya bağlandı. Belə təəssürat yaranır ki, cüdo mənim üçün artıq idman olmaqdan çıxıb. Gələcəkdə karyeramı bitirdikdən sonra ya məşqçi kimi, ya da federasiyada hər hansı bir işdə çalışmaq fikrindəyəm. Yəni gələcəyimi də bura bağlamaq fikrindəyəm. Cüdo uşaqlar üçün ən yaxşı idman növü sayıla bilər. Cüdo sözünü tərcümə edəndə “yumşaq yol” kimi tərcümə edilir. Bunun səbəbi odur ki, bu idman növündə icra edilən fəndlər heç kəsə xəsarət yetirmir. Yəni hər hansı fəndi icra edərkən sənin də, qarşındakının da zədə almaq riski aşağıdır. Bu səbəbdən uşaqlar üçün təhlükəsizdir. Dünyada cüdo idman növü ən az zədələr olan idman növü sayılır. Bütün peşəkar idmançılar zədə alır, hətta bu, cüdoda da olur. Amma risk çox azdır”.

Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. Həmin illərdə Yaponiyada daha çox ciu-citsu idman növü məşhur idi. Lakin bu növdə o qədər zədələr olurdu ki, gənclər ciu-citsuya maraq göstərmirdi. Uşaqlar və gənclər üçün fiziki tərbiyə əhəmiyyətini itirən bu idman növünü başqa birisi ilə əvəz etmək lazım idi. Yaponiya məktəblərinin birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündüyündən o belə qənaətə gəlib ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.

Nəticədə o, paytaxtdakı Tokio Universitetinin həkimi Ervin Belslə yeni idman növü barədə məsləhətləşib. Nəticədə ciu-citsunu dəyişdirərək zədələrsiz idman yaradır. Bu idman növünə cüdo adını veriblər. Rüstəm Orucovun dediyi kimi cüdo – “yumşaq yol” deməkdir. Cü – yumşaq, do isə - yol deməkdir. Kano cüdoya insanları cəlb etmək üçün “ən zəif insan belə bu idman növü ilə məşğul olub, özünü inkişaf etdirə və müdafiə edə bilər” şüarını da yaratmışdı.

Azərbaycanda isə cüdo ilk dəfə 1972-ci ildən yaranmağa başlayıb. SSRİ ərazisində cüdonun inkişafına dəstək qərarından sonra ölkəmizdə də federasiya yaradılır. O gündən Azərbaycanda cüdo inkişaf etməyə başlayır.

“Qəbələ” İdman Klubunun məşqçisi Ramil İsmayılov cüdonun yeniyetmələrin və gənclərin həyatındakı rolu ilə bağlı danışıb. O bildirir ki, cüdo təkcə fiziki deyil, həm də mənəvi şəkildə uşaqlara sağlamlıq bəxş edir: “Cüdonun ana prinsiplərində idman növü kimi sağlam həyat olsun deyə icad edilməyib. Bu idman növü insanın özünü qoruması üçün yaradılıb. Cüdonun üstünlüyü odur ki, rəqibi zərərsizləşdirərkən onu əzmirsən, qırmırsan. Burada ancaq ağrıdıcı fəndlərdən istifadə edilir. Peşəkar idman ümumiyyətlə sağlamlıq deyil. Düzünü desək, bu belədir. Həvəskar şəkildə idmanla məşğul olmaq isə sağlamlığa dəstək olur. Bu isə təkcə cüdoya aid olan şey deyil. İstənilən idman növündə o sağlamlığ təmin etmək olar. Amma mənəvi tərəfdən cüdonun uşaqlara təsiri böyükdür. Məsələn, bir uşaq cüdoya gəlirsə, onda özünəinam yaranacaq. Çünki özünü müdafiə etdiyi fəndləri öyrənib mənəvi şəkildə güclənəcək. İnsan öz gücünü hiss edəcək. Cüdonun bir xüsusiyyəti var ki, bu idman növü ilə məşğul olan uşaqlar digər idman növləri ilə məşğul olanlardan daha tərbiyəli olur. Bəlkə də bunun səbəbi cüdonun Yaponiyada icad edilməsi və təməllərinin bu cür qurulmasıdır. Nizam-intizama daha çox önəm verildiyi üçün bu amillər özünü göstərir. Cüdoda belə bir məqam var ki, fiziki olaraq səndən güclü olan birindən özünü müdafiə edirsən. Disiplin də bu baxımdan önəm daşıyır”. 

İsmayılov cüdonun uşaqlar arasında populyarlığından da söz açıb: “Cüdo ölkəmizdə çox populyardır. Uşaqların ən çox maraq göstərdiyi idman növlərindən biridir. Dünyada döyüş idman növlərindəki idmançıların sayı ilə bağlı statistika açıqlanmışdı və cüdo orada böyük fərqlə birinci yerdə idi. Cüdonun rəqibi yoxdur. Axın var bura. Hər yerdə bu belədir. Ümumi idmanda isə futboldan sonra ikinci yeri cüdo tutur. Azərbaycanda belə görünür ki, cüdoçuların sayı futbolçulardan çoxdur. Çünki hansı müəllimə baxsan, ən azı 150-200 tələbəsi var. Yarışlardan, çempionatlardan bunu sezmək olur. Hazırda bizim zalda 200 uşaq məşq edir. Bir zal üçün bu rəqəm böyükdür. Sabunçu, Nizami rayonunda daha çoxdur. Valideynlərin niyə cüdonu seçməsi ilə bağlı sorğu etmişdik. Onların əksəriyyəti deyirdi ki, cüdoda olan nizam-intizam, tərbiyə bizi bura gəlməyə vadar edir. Müəllimin statusu yüksəkdir və uşaqlara onlara hörmət öyrədilir. “Respect” də cüdonun əsas prinsiplərindəndir. Məsələn, cüdoçulara tatamiyə, zala, rəqibə, komanda yoldaşına hörmət bünövrədən öyrədilir. Bütün bunlar valideynlərin xoşuna gəlir.

Burada geyim mədəniyyəti də var. Güləşçilərin geyimi çox zaman valideynlərin xoşuna gəlmir. Bir çoxu həmin geyimi ədəbsiz adlandırır. Amma cüdonun geyimi olduqca yaxşıdır və diqqət cəlb edir. İstər xanımlar, istər kişilər üçün bu geyim çox səliqəli görünür. Bütün bunlar cüdonun populyarlığına təsir edir. Həmçinin cüdoda ölkəmizin qazandığı uğurların da bunda rolu var. Məsələn, Elnur Məmmədli Olimpiya çempionu olanda bu idman növünə yazılanların sayında kəskin artım müşahidə edildi. 2008-ci ilə qədər mənim 100 tələbəm var idi, Elnur Məmmədli Pekində qızıl qazandıqdan sonra 150 oldu. Daha sonra Elmar Qasımov İrəvanda Azərbaycan bayrağını qaldıranda uşaqlar cüdoya axın etməyə başladı. İdmançılarımızın beynəlxalq arenalarda uğur qazandıqca idmana müsbət təsir edir. Həmçinin deyim ki, cüdoçularımız dünyada özünü həmişə sübut edib”.

Dünyada cüdo 1950-ci illərdən tanınmağa başlayır. 1951-ci ildə Beynəlxalq Cüdo Federasiyası, 1952-ci ildə isə Avropa Cüdo Birliyi yaradılır. İlk dünya çempionatı isə 1956-cı ilə təsadüf edir. Mundial məhz idman növünün yaradıldığı Yaponiyada, paytaxt Tokioda baş tutur.

Cüdo 1964-cü ildən Yay Olimpiya Oyunlarına daxil edilir. Bundan sonra isə daha da məşhurlaşmağa başlayır. Yuxarıda qeyd etdiyimiz kimi uşaqların, yeniyetmələrin hərtərəfli inkişafı üçün cüdoda tərbiyə və təhsil çox önəmli rol oynayır.

Ramil İsmayılov da bunu təsdiq edir və bildirir ki, cüdo ilə məşğul olmaq istəyən idmançı təhsilinə lazımi şəkildə davam edə bilər: “Buna bir az fərdi yanaşmaq lazımdır. Təhsilə həvəsi olan uşaq cüdonu bəhanə edə bilməz. Yaxşı oxuyan uşaq gələcəkdə idmanda da daha uğurlu olacaq. Çünki lazımi yerdə düzgün qərarları verə bilir. Amma mən idmançı olacam deyə təhsildən qaçan adam gələcəkdə düzgün qərarlar verməkdə çətinlik çəkir. Nəticədə o, uğurlu ola bilmir. Beynin zəif inkişafı karyeraya təsir edir. Savadsız idmançını idarə etmək də çətindir. Biz düşünürük ki, azyaşlı uşaq idmanla məşğul olacam deyə təhsildən uzaq qalmamalıdır. 15-16 yaşından sonra isə uşaq uğur qazanırsa, idmanı birinci yerə qoymalıdır. Təhsil ikinci planda olmalıdır, amma intellektual səviyyəsin inkişaf etdirməlidir. Karyerası uğurlu olan idmançı müəyyən yaşdan sonra məcburdur ki, idmana daha çox diqqət etsin. Çünki məşqlər ağırlaşır, yarışlar çoxalır. Lakin elmə, təhsilə hər zaman ehtiyac var”.

Millinin həkimlərindən olan Ceyhun Əliyev cüdonun uşaqların fiziki həyatında rolundan danışıb: “Uşaqların əzələlərinin möhkəmlənməsi, yuxu rejiminin düzgün olması, özünü sağlam hiss etməsi üçün digər idman növləri kimi cüdonun da xeyirləri var. Amma cüdoda fərqli bir məqam var ki, uşaqlar üçün gimnastik hərəkətlər olur və yüngül məşqlər edilir. Uşaqlar çox yüklənmir və bu, vacib amildir. Kimano məşqlərinin olması əlavə üstünlükdür. Çünki onları çox yükləmək doğru deyil. Uşaqların sümükləri zəif olur və ağır fiziki məşqlər pis təsir edə bilər. Cüdo ağır idman növü olduğu üçün burada peşəkarlar daim lazımdır. Çünki düzgün məşqlər sayəsində uşaqda irəliləyiş olur. Ən uyğun yaş 8-10 yaş həddidir. Həmçinin cüdoda olan nəticələr uşaqların marağını artırır. Son zamanlar yaxşı nəticələr var və beynəlxalq arenalarda uğurlar əldə edirik. Həm də bu idman növündə hər cür şərait yaradılıb. Federasiya da aşağı yaş qruplarına çox ciddi nəzarət edir və gələcəyə idmançı yetişdirir. Həmçinin tibbi avadanlılqar yüksək səviyyədədir. Çox yaxşı şərait var. Həmçinin uşaqlar üçün yaxşı turnirlər keçirilir və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev özü şəxsən onları izləməyə gedir. Vitaminləşmə də yüksək səviyyədədir. Son illərdə qadın cüdosuna da böyük maraq var, bunu görürük”.

“Qəbələ” İdman Klubunun üzvü İlkin Cəlilov isə cüdoya gəlməsindən və bu idman növünə olan marağından söz açıb: “Cüdo mənim üçün çox maraqlıdır. Sevinirəm ki, bu idman növü ilə məşğul oluram. Əlbəttə ki, istəyərdim cüdoda uğurlu olum, gələcəyimi bunun üzərində qurum. Ən əsas məqam odur ki, idmanın bu növündə özünü müdafiə etmək çox rahatdır. Cüdoda özümü rahat hiss edirəm. İlk dəfə məşqlərə gedəndə heç bir marağım yox idi. Məlumatım da az idi. Valideynimin tövsiyəsi ilə cüdo ilə maraqlanmağa başladım. Hazırda isə məşqlərdən zövq alıram. Burada fəndlər çox maraqlıdır. Çətin olsa da, öyrəndikdən sonra asan olur. Burada yeni olsam da, peşəkar olmaq, yarışlara qatılmaq, Olimpiya Oyunlarında iştirak etmək istəyirəm”.

Son illərdə bölgələrimiz də daxil olmaqla, ölkədə cüdoçuların sayında mütəxəssislərin də qeyd etdiyi kimi kəskin inkişaf var. Ümumilikdə, Azərbaycanda 10 min 708 rəsmi qeydiyyatda olan cüdoçu var. Bu doğrudan da ölkəmiz üçün böyük rəqəmdir. Maraqlıdır ki, paytaxt Bakı və Sumqayıtla yanaşı bölgələrimizdə də cüdoya maraq çox yüksəkdir. Regionlar üzrə cüdoçuların statistikası isə aşağıdakı kimidir:

Şimal-Şərq bölgəsi - 650 yeniyetmə

Şimal-Qərb bölgəsi - 450 yeniyetmə

Şimal bölgəsi - 478 yeniyetmə

Qərb bölgəsi - 970 yeniyetmə

Cənub bölgəsi - 770 yeniyetmə

Aran-Qarabağ - 960 yeniyetmə

Naxçıvan -530 yeniyetmə

Bakı - 3400

Sumqayıt – 2500

Göründüyü kimi, hələ rəsmi qeydiyyatda olanların sayı çoxdur və rəqəmlər heç də aşağı deyil. Bu gün Olimpiya idman növü olan cüdoya gənclərin axını göz önündədir.

Ümumiyyətlə, müstəqillik dövründə ölkəmizdə cüdoya xüsusi diqqət hər zaman ayrılıb. Prezident İlham Əliyevin idmana xüsusi qayğısı məhz cüdoda da özünü göstərib. Ölkə başçısının idmana olan diqqəti son illərdə Azərbaycanda nüfuzlu yarışların keçirilməsi və beynəlxalq federasiya rəhbərlərinin ölkəmizə gəlməsi ilə nəticələnib. Dövlət başçısı 2016-cı ildə Azərbaycana səfər edən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.

Ölkə başçısı həmin vaxt Azərbaycanda cüdonun populyarlığının getdikcə artdığını vurğulayıb, ölkəmizin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdi.

Məhz bu görüşdən cəmi 2 il sonra Azərbaycanda cüdo üzrə dünya çempionatı keçirildi. Prezident İlham Əliyev ölkəmizdə keçirilən bu yarışın açılışında iştirak edərək tribunadan izləmişdi. Bu cür nüfuzlu yarışın Bakıda keçirilməsi təbii ki, cüdoya böyük təkan verdi.

Hazırda Azərbaycan Cüdo Federasiyası idmanın bu növündə xüsusi inkişafa nail olmaq niyyətindədir. Bunun üçün son günlərdə görülən işlər diqqət çəkməyə bilməz. Federasiyanın yeni prezidenti Rəşad Nəbiyevin gəlişindən sonra idmançılara xüsusi diqqətin ayrılması, bölgələrə dəstək bunun əyani sübutudur.

Elə Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatındakı nəticə tarixi uğurdur. Bu turnirdə fərdi yarışlarda medallar əldə edən idmançılarımız komanda yarışında isə böyük uğura imza atıblar. Onlar komanda hesabında Avropa çempionu olublar.

Cüdonun sağlam inkişafda rolu, həm də bu uğurlardan keçir!

Elsevər Məmmədov

Qafqazinfo.az