“Ümidvaram ki, sonda Bakıya gülərüz qayıdacağıq” - Fərid Qayıbov

“Ümidvaram ki, sonda Bakıya gülərüz qayıdacağıq”
Oxunma sayı: 2613

“Hamıya uğurlar arzu edirəm. Biz Türkiyəyə yollanan ən böyük nümayəndə heyətiyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları ilə bağlı danışarkən deyib.

Yarışda 50-dən çox ölkənin iştirak etdiyini xatırladan nazir qardaş ölkədə bu cür geniş nümayəndə heyəti ilə təmsil olunmağın qürürverici olduğunu bildirib:

"Bu da onu göstərir ki, Azərbaycanda idman var. 24 idman növünün 22-də təmsil olunuruq".

F.Qayıbov sonuncu dəfə Bakıda keçirilmiş İslamiada ilə müqayisədə hazırkı Oyunlarda baş vermiş dəyişiklikləri açıqlayıb:

"Bu dəfə fərqli idman növlərində mübarizə gedəcək. Qazaxıstan və Özbəkistan daha güclü idmançılarla gəliblər. Bakıdakı yarışda Asiya Oyunları ilə əlaqədar tam heyətlə iştirak edə bilməmişdilər. Bizi çox maraqlı mübarizə gözləyir".

Nazir güləş, cüdo və futbolda əsas yığmaların İslamiadada iştirak edə bilməyəcəyini vurğulayıb:

"Bu, yaxın tarixlərdə sözügedən idman növləri üzrə dünya çempionatlarının olması, "Qarabağ" və "Neftçi"nin avrokuboklarda yoluna davam etməsi ilə bağlıdır. Təəssüf ki, aparıcı futbolçular da İslam Həmrəyliyi Oyunlarına qatıla bilməyəcəklər. Amma əhval-ruhiyyə yaxşıdır".

O, komandaların yarışa ciddi hazırlaşdıqlarını qeyd edib:

"Bu dəfə legionerlərimizin sayı da azalıb. Artıq öz idmançılarımız yetişiblər. Təbii ki, hər idman növündə qızıl medal uğrunda mübarizə aparmayacağıq. Reallıqları nəzərə almaq lazımdır. Amma hər bir idmançımız səylə hazırlaşıb. Bütün federasiyalara, ümumiyyətlə, bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Ümidvaram ki, sonda Bakıya gülərüz qayıdacağıq".

F.Qayıbov Oyunları işıqlandırmaq üçün Konyaya gələn media nümayəndələrinə də minnətdarlığını bildirib:

"Bu dəfə jurnalistlərimizin sayı çoxdur. Bu da ona görədir ki, Azərbaycandakı azarkeşlərimiz, tamaşaçılarımız bütün idman növlərindən daha ətraflı məlumat alsınlar. Bu amil idman növlərinin inkişafında bizim üçün böyük dəstək olacaq".

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın daim idmançılarla maraqlandığını və müvafiq tapşırıqlar verdiklərini söyləyib: "Dövlət tərəfindən hər bir şərait yaradılıb. Ümid edirəm ki, yaxşı nəticələr də olacaq. Medalların sayını açıqlamaq çətindir. Türkiyə yığması evdə mübarizə aparacaq. İran, Qazaxıstan və Özbəkistan milliləri çox güclüdür. İnanıram ki, bizim idmançılar da onlarla başabaş mübarizə aparacaqlar".

Qeyd edək ki, İslamiada 9 - 18 avqustda keçiriləcək.