“Torpaqlarımızın azadlığına qovuşması 1993-cü ildən başlanan yolun təqdimatıdır”

“Torpaqlarımızın azadlığına qovuşması 1993-cü ildən başlanan yolun təqdimatıdır”
Oxunma sayı: 573

“Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı dünənimizə baxış əsasında bu günümüzün dəyərləndirilməsi və gələcək üçün müəyyənləşdirilən hədəflərin təqdimatı oldu. Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün siyasi mənzərəsi hər kəsə məlumdur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“O zaman gənc Azərbaycan çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının ilk illəri hər zaman tariximizin qara səhifəsi kimi xarakterizə edilir. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Belə bir vəziyyətdə Azərbaycanın vətənpərvər, ölkənin gələcəyini düşünən insanları nicat yolunu Ulu öndər Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ümummilli liderə müraciət ünvanlandı. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Dahi şəxsiyyətə müraciət və Ulu öndərin cavabı bugünkü inkişafın başlanğıcı oldu. 1992-ci ilin bu günləri ilə 30 ildən sonrakı Azərbaycanın məhz bu dövrünü müqayisə etdikdə tamamilə fərqli bir mənzərəni görürük. Azərbaycanın yenidən qurulması, inkişaf etdirilməsi, ən əsası bütün sahələrin tərəqqisində başlıca amil kimi dəyərləndirilən sabitliyin yaradılması Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi idi.

Dövlət başçısı İlham Əliyev “Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik” söyləyərək bir daha bu reallığı diqqətə çatdırdı ki, illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi. Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi.  YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlandı”, - millət vəkili vurğulayıb.

Malik Həsənov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin tarixi missiyası nəticəsində Azərbaycanın quruculuq, sabitlik və inkişaf dövrü başladı: “Ulu öndərin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və  Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti imkan verdi ki, ölkəmiz  bu çətin vəziyyətdən şərəflə çıxsın. Ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. Konstitusiyamız qəbul edildi. Dövlətçiliyin əsasları qoyuldu. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verildi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. 1990-cı illərin ortalarında Ulu öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri hazırda  geniş vüsət alıb. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması iqtisadi imkanlarımızı böyük dərəcədə genişləndirdi ki, bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır və nüfuz qazanıb”.

“1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illər sabitlik və inkişaf illəri kimi xarakterizə olunur. Azərbaycan xalqı 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verdi. Cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra ölkəmizin həyatında yeni dövr başladı. Ümummilli lider 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını bildirdi. Bu əminlik də ifadə edildi ki, onun axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev xalqın dəstəyi ilə  axıra çatdıra biləcək. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. Güclü Azərbaycan dövləti quruldu. Sözün əsl mənasında, hər bir azərbaycanlı belə güclü, qüdrətli  dövləti ilə  fəxr edir. Dövlət başçısı İlham Əliyev YAP-ın yubiley tədbirindəki çıxışında bu statistik rəqəmləri də çatdırdı ki, 2003-cü ildən bu günə qədər iqtisadiyyatımız 3 dəfədən çox artıb. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”, - millət vəkili əlavə edib.

M. Həsənov qeyd edib ki, Azərbaycan Ordusu qələbəyə hazırlandı. Bu gün qürurla qeyd edirik ki, rəşadətli Ordumuz cəmi 44 gün ərzində düşməni məhv edərək tarixi ədaləti, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır:

“Ulu öndər Heydər Əliyevin siyasi vəsiyyətində, təbii ki, Qarabağ münaqişəsinin həlli xüsusi yer tuturdu. Bunun üçün bu illər ərzində bütün zəruri addımlar atıldı, birliyimiz, həmrəyliyimiz daha da möhkəmləndi. 44 günlük İkinci Qarabağ müharibəsi bütün imkanlarımızın təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. 8 noyabr 2020-ci il tarixi  hamının yaddaşında əbədi qalacaq. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında tarixi zəfərimizin yaratdığı qürur hissini önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, o vaxt Ulu öndərin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”,-  deyə millət vəkili bildirib.

Malik Həsənov qeyd edib ki, artıq ölkəmizin həyatında yeni dövr başlayıb: “Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Soydaşlarımızın öz doğma yurd-yuvalarına Böyük Qayıdışının sürətləndirilməsi üçün səylər göstərilir, Fərman və Sərəncamlar imzalanır, Dövlət proqramları, Milli Prioritetlər təsdiqlənir”.