“Tələbəlik ömrün ən yaddaqalan hissəsidir” - Fotolar

“Tələbəlik ömrün ən yaddaqalan hissəsidir”
Oxunma sayı: 1586

Bu gün Azərbaycan tələbələrinin II qurultayı keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, Təhsil naziri Ceyhun Bayramov, Gənclər və idman naziri Azad Rəhimov, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edir.

Tədbirin əvvəlində Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Daha sonra çıxış üçün söz Baş nazirin müavini Əli Əhmədova verilib. Əli Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin əhəmiyyətli qismini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında mühüm rol oynadıqlarını qeyd edib və qurultayın işinə uğurlar arzulayıb:

“Bugünkü gündə Azərbaycan əhalisinin 3,6 milyonunu gənclər təşkil edir. Deyə bilərik ki, cəmiyyətimiz gəncdir. Tələbəlik insan ömrünün ən yaddaqalan hissəsidir. Ölkədə həyata keçirilən birinci prioritet məsələ gənclərin sağlam böyüməsinə nail olmaqdırsa, ikinci prioritet isə təhsilli gənclik yetişdirməkdir. Biz istəyirik ki, tələbələr müasir və fəal olsun. Bugünkü tələbələr sabah ölkəni idarə edən, vacib strukturlarda yer alan insanlar olacaq”.

Günel Hacı

Fotolar: Pərvin Zeynal