Təkcə Zaur deyil, ARB də məsuliyyət daşıyır

Təkcə Zaur deyil, ARB də məsuliyyət daşıyır
Oxunma sayı: 17920

“Bu hərəkət həm hüquqi, həm də etik baxımdan ciddi pozuntudur”.

“Qafqazinfo”nun məlumatına görə, bunu hüquqşünas, media eksperti Ələsgər Məmmədli ötən gün ARB televiziyasında aparıcı Zaur Kamalın müğənni Afşin Azərini canlı efirdən qovmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, baş vermiş hadisədə bir sıra hüquq pozuntuları var: “Hüquqi baxımdan pozuntudur, ona görə ki, Media Qanunun 14-cü maddəsinin 1.7-ci bəndi bütün yayımçıların, o cümlədən audiovizual yayımçıların heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli olduğunu bildirir. Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə “aparıcı”nın məsuliyyəti yox, həm də onu efirə buraxan ARB televiziyasının məsuliyyəti vurğulanır.

Bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır. Media Qanununun 47.1.5. maddəsi audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni, 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir. Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət MEDİA Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə “məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq etdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır. Deməli, bu hadisəyə görə Agentlik də rəsmi xəbərdarlıq etməlidir”.

Ekspert məsələnin etik tərəfi ilə bağlı Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında qeyd edildiyini əlavə edib: “3.1-ci maddədə göstərilir ki, jurnalist adamları, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. Halbuki, efirdə “aparıcı” məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayır. Peşə Davranışı Qaydalarının 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, sözügedən videonu ARB TV-nin özü rəsmi yutub hesabına yükləyib. Kanal videonu elə "Studiyada gərgin anlar: Zaur Kamal Afşin Azərini efirdən çıxardı" adı ilə paylaşıb. Beləliklə, müdaxilə imkanı olsa da, yaradıcı heyət kadrları tam halda efirə verib və yayılması istiqamətində də səy göstərib.