Şuşada ağır ifadə işlətmək olmaz, günahdır... - Fotolar

Şuşada ağır ifadə işlətmək olmaz, günahdır...
Oxunma sayı: 5724

Bu gün hansı azərbaycanlıdan soruşsanız, iki arzusu varsa, onlardan biri, bəlkə də birincisi Şuşaya getməkdir, ora ayaq basmaqdır.

Bu şəhər əvvəllər mədəniyyət beşiyi idisə, Vətən müharibəsindən sonra bizim üçün tamam fərqli anlam daşıyır.

İndi Şuşa zəfərin finişi olmaqla yanaşı, eyni zamanda qəhrəmanlıq səlnaməsinin yazıldığı şəhərdir.

Şuşa müqəddəsdir, Şuşa şəhidlərin bizə əmanət qoyub getdiyi körpələr kimi əzizdir, Şuşa şəhidin son vəsiyyətidir.

Şuşaya getməzdən, oranı görməzdən əvvəl də belə düşünürdüm ki, şəhərə dəstəmaz alıb girmək lazımdır. 

Düşünürdüm ki, Şuşada ağır ifadə işlətmək olmaz, günahdır. Düşünürdüm ki, Şuşa -  müharibədən sağ-salamat qayıdan övladına tərəf dizin-dizin gedən ananın sevincidir. Şuşa həm də, şəhid övladının tabutunu başı üzərində aparan ananın məğrurluğudur. 

Şuşa - şəhid övladlarının gözündən axan yaş kimi saf, təmiz qalmalıdır. Şuşa namusdur, qeyrətdir. Düşünürdüm ki, Şuşa körpə uşaqdır, ancaq sevəsən, qoxlayasan. Şuşa anadır, əllərindən öpəsən... Şuşa atadır, bərk-bərk qucaqlayıb əlinlə kürəyinə vurasan. Şuşa şəhid qanıdır, Şuşa şəhidin cibində tapılan körpənin fotosudur. Şuşa bu həyatda müqəddəs hər nə varsa, bax odur!

İnanın ki, yazdıqlarımın hamısı Şuşada mövcuddur, bunlar gerçəkdir və siz müqəddəs şəhərə ayaq basar-basmaz mütləq bunu hiss edəcəksiniz.

Bax, təsəvvür edin, Zəfər yolu ilə Şuşaya doğru hərəkət edəndə, sizi göz-gözü görməyəcəyi duman qatı qarşılayacaq. Bu bilirsiniz nədir? Təbiətin təbii dəstəmazı, eyni zamanda xəbərdarlıqdır ki, siz artıq Şuşaya çatırsınız.

Dumanı görən kimi ağlınıza gələn ilk kəlmə xalq mahnısından olacaq. Özünüzdən asılı olmayaraq, “Şuşanın dağları, başı dumanlı” deyəcəksiniz. Bu, sadəcə, şərti refleksdir. Və o duman sizi Şuşaya qədər müşayiət edəcək.

Əgər icazəniz olduğu halda Bakıdan Şuşaya yola düşmək istəsəniz, çalışın paytaxtdan səhər tezdən çıxın. Nəzərə alın ki, sizi qarşıda 6-7 saatlıq yol gözləyir. Axşama düşsəniz, hərəkətinizə icazə verilməyəcək. Şuşada hələ də komendant saatı tətbiq olunur. Bu, axşam 21:00-dan səhər 06:00-dəkdir. Bu müddət ərzində şəhərdə sadəcə komendant saatına nəzarət edən hərbçilər xidmət göstərir. 

Azad olunmasının bir ili tamam olan Şuşa elə birinci sinifə gedən uşaqlar kimidir. Axşam 9-da yatır, səhər tezdən yuxudan oyanır. Özü də Azan səsiylə...

Şuşada komendant saatı səhər altıda başa çatsa da, marketlər və restoran 8-dən tez açılmır.

Şəhərdə hərəsi fərqli istiqamətdə olmaqla üç supermarket fəaliyyət göstərir. Bu marketlərdə spirtli içkilərin satışı qadağandır! Dedim axı, Şuşa müqəddəsdir...

Əgər Şuşaya gələrkən maşının yanacağının tükəndiyini görsəniz, qətiyyən narahat olmayın. Burada yanacaqdoldurma məntəqəsi də mövcuddur.

Şəhərdə cəmi bir restoran fəaliyyət göstərir ki, demək olar, qiymətlər Bakıdakından daha münasibdir. Məsələn, səhər yeməyi üçün restorana getmək istəsəniz, bir nəfər üçün 3-5 manat xərcləməli olacaqsınız. Səhər yeməyi bir nəfər üçün set şəklində də təqdim olunur ki, buna bal, qaymaq, pendir və isti yemək daxildir. Qiyməti isə 10 manat. Nahar və şamı da restoranda etmək istəsəniz, 7-10 manat arası pulunuz çıxacaq. Şəhərdə fəaliyyət göstərən yeganə restoranda hərbçilər üçün 20 faiz güzəşt edilir.

Bəlli olduğu kimi, Şuşada iki hotel və bir hostel fəaliyyət göstərir. Şəhərə qonaq gələn şəxs büdcəsinə uyğun olaraq “Xarıbülbül”, “Qarabağ” otellərini və ya “Xarıbülbül hostel”i seçə bilər. 

Şəhərdə hazırda təmir-bərpa işləri getdiyindən ən çox rastlaşdığınız şəxslər bu prosesdə iştirak edən şirkətlərin əməkdaşlarıdır. Şuşanın daxilində isə polislə yanaşı, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin hərbçiləri də xidmət edir. 

Şuşada inanılmaz dərəcədə mehribanlıq, səmimiyyət hökm sürür. Bir nəfərdən eyni sözü on dəfə soruşsanız, inanın, sizə acıqlı cavab verən olmayacaq. Bu, sadəcə mövcud durumun izahdır. Yəni, sırf bunu yoxlamaq üçün gedib eyni sözü 10 dəfə soruşmasanız da olar. 

Şəhərin mərkəzindən kənarlara doğru hərəkət edəndə, təhlükəsizlik qaydalarına mütləq əməl etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Şuşa gərgin döyüşlərin mərkəzlərindən biri olub. Bu səbəbdən hələ də haradasa partlamamış sursat qalmış ola bilər. Bunu gördüyünüz halda sursata toxunmamaq şərtilə xəbər verməli olduğunuz şəxs qarşınıza çıxan ilk hərbçi və ya polisdir. Ümumiyyətlə, müharibə nəticəsində dağılmış evlərə daxil olmaq da məsləhət görülmür. Çünki burada sizi düşmənin çıxarkən qoyub getdiyi “sürpriz” gözləyə bilər. 

Çalışın, Şuşada olduğunuz qısa müddət ərzində bütün problemlərinizi unudub o anı yaşayın. Məsələn, Cıdır düzünə gedərək, üzü Topxana meşəsinə dayanıb, gözlərinizi yumub, havasını bol-bol ciyərlərinizə çəkə bilərsiniz. Bu, dünyanın ən böyük xoşbəxtliyidir. Şuşada mobil internetin zəif olmasından isə qətiyyən şikayətlənməyin, bu əslində Allahın sizə bəxş etdiyi bir lütfüdür ki, ora gedib telefonla başınızı qatmayın, anı yaşayın... 

Müsəlman aləmində Həcc mövsümü xaricində Kəbənin ziyarət edilməsinə Ümrə ziyarət deyirlər. İki gündür fikirləşirəm, Vətən müharibəsindən sonra Şuşanı ziyarət etməyimə ad tapa bilmirəm...

Emin Səfərov

Fotolar: Müzəffər İsmayılov

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusu üzrə dərc olunub.