“Soçi görüşü Azərbaycanın güclənən mövqeyini bir daha təsdiqlədi”

“Soçi görüşü Azərbaycanın güclənən mövqeyini bir daha təsdiqlədi”
Oxunma sayı: 751

“Son bir ilin əsas müzakirə mövzusu 44 günlük İkinci Qarabağ savaşında tarixi Zəfərimiz, bu fonda yaranan yeni reallıqlar, ən əsası postmünaqişə dövrünün çağırışlarını özündə ehtiva edən 10 noyabr 2020 və 11 yanvar 2021-ci illərdə imzalanan üçtərəfli Bəyanatların müddəalarının icrası və Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dünya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların hansı şəkildə maraq göstərmələri və sair kimi məsələlərdir. Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu fikir dayanır ki, indiki mərhələdə  əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir".

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, bu reallığın fonunda gələcəyə baxmaq üçün geniş imkanlar yaransa da bəzi qüvvələr  işğalçı Ermənistanın təxribatlarına, sərsəm bəyanatlarına dəstək verərək guya  problemin həll olunmadığı, status məsələsinin gündəmdə olduğu barədə əsassız müzakirələrə yol açır, bununla da nəyəsə nail olacaqlarını düşünürlər:

"Amma unudurlar ki, Azərbaycan münaqişənin həlli prosesində daim sülh siyasətinə üstünlük verdiyi üçün 30 il imitasiya naminə danışıqları səbirlə davam etdirsə də 44 gündə işğalçı Ermənistana layiq  olduğu dərsi verdi. Vətən müharibəsinin davam etdiyi 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın gücünün, qüdrətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, yenilməz Sərkərdəlik qabiliyyətinin, ordumuzun rəşadətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin təqdimatı oldu. Əvvəldə qeyd etdiyim Bəyanatlar Azərbaycanın siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı olmaqla yanaşı, ölkəmizin artıq diktə edən tərəf olmasının da  təsdiqidir.

Ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara aydınlıq gətirdi, ən əsası Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində  Rusiyanın roluna işıq saldı. Prezident İlham Əliyev    Rusiyanın səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib.  2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış digər məsələlər artıq icra olunub. Ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək   üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Ölkə Prezidenti İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki, Ermənistanla Azərbaycan  arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən bir ili  bütövlükdə müsbət səciyyələndirə bilərik.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişafından da geniş bəhs edərək bildirib ki, Azərbaycan 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyadan problemin həllində daha yüksək fəallıq, ədalətli yanaşma gözləyib:

“Eyni fikirləri digər həmsədr dövlətlər- Fransa və ABŞ-la da bağlı qeyd edə bilərik. Amma reallıq budur ki, 30 ildə həmsədr ölkələrin mandatlarına uyğun olmayan mövqe nümayiş etdirmələri, neytrallığı qorumamaları, işğalçını adı ilə çağırmadan münaqişənin ədalətli həllindən danışmaları və sonda Vətən müharibəsinin baş verməsinə yol açmaları onlara qarşı etimadsızlıq mühitinin yaranmasına səbəb oldu. Diqqət çəkən və təəssüf hissi doğuran məqam budur ki, dünyanın bəzi gücləri, o cümlədən Fransa Vətən müharibəsi,  həmçinin postmünaqişə dövründə də Azərbaycana qarşı  mövqeyində müsbətə doğru heç bir dəyişiklik etmədi. Rusiyanın  10 noyabr Bəyanatının imzalanmasında vasitəçiliyi, eyni zamanda, 11 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün təşkilində  vasitəçiliyi Azərbaycan dövləti tərəfindən yüksək dəyərləndirildi. Rusiya sülhməramlılarının bölgədə sülhün, təhlükəsizliyin təminatına dəstəkləri də yüksək qiymətləndirilən addımlar sırasındadır.”  

 "Azərbaycan və Rusiya prezidentlərinin görüşündə də qeyd olunduğu kimi, iki ölkə arasında  münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır" söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir: "Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində  maraqlıdırlar. İki ölkənin dövlət başçılarının, hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, müzakirə olunan məsələlər də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Rusiya və Azərbaycanı həm də bir-birinə tarixi, siyasi, mədəni tellər bağlayır. İllər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir, birgə səylər göstərilir. Ölkələrimiz  arasında ticarət dövriyyəsi yüksəlir, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq diqqəti xüsusilə cəlb edir. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır.  Bir sözlə, rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksəkdir.

Ümumilikdə Azərbaycan  Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Vladimir Putinin vasitəçiliyi ilə  Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünü ölkəmizin növbəti qələbəsi, Ermənistanın tarixi Zəfərimizdən sonra adi hal alan  təxribatlarının iflasa uğradığının etirafı kimi dəyərləndirə bilərik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın nitqində yer alan fikirlər də təsdiqləyir. Ermənistan rəhbərliyi artıq başa düşür ki, Azərbaycanı hərbi təxribatlarla  hədələmək onlara heç nə qazandıra bilməz. Bu kimi təxribatlar Ermənistana daha böyük faciələr gətirə bilər.

Görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilməsi isə  öz növbəsində  10 noyabr  2020-ci il Bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə,  kommunikasiyaların açılması,  sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həllinə  təsirsiz ötüşməyəcək. Rusiya Prezidenti Vladimir Putinin üştərəfli görüşdəki nitqində, həmçinin bu görüşün sonunda imzalanan Bəyanatda da bu müddəalar öz əksini tapıb ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılıq əldə edilib.  Rusiya  Azərbaycan  ilə Ermənistan  arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin  məlumatında da bildirilir ki,  26 noyabr Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib.”

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki,  Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır: "Müxtəlif səviyyələrdə görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına tərəfdardır. Bu baxımdan  Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfinin  razılıq verməsi də  əhəmiyyətlidir.  Avropa İttifaqı Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində hər iki ölkənin rəhbərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Təbii ki, hər bir təşəbbüs, vasitəçilik əsasında keçirilən  görüş qarşıya qoyulan məsələlərin həllinə  doğru atılan addımdır. Rusiya Prezidenti Vladimir Putin Soçi  görüşündə Avropa  İttifaqının bu addımını təqdir edərək bildirmişdir ki, əsas odur ki, dialoq faydalı olsun.”