Səudiyyə Ərəbistanından ölkəyə gələnlərin sayı kəskin azalıb

Səudiyyə Ərəbistanından ölkəyə gələnlərin sayı kəskin azalıb
Oxunma sayı: 1460

2021-ci ildə Azərbaycana dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər edib.

Gələnlərin 82 faizini kişilər, 18 faizini qadınlar təşkil edib.

2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər birindən 0,7 faiz olmaqla, Almaniya, Belarus və Hindistan, 0,6 faizi ABŞ, 0,5 faizi  Özbəkistan, hər birindən 0,4 faiz olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6 faizi digər ölkələrin vətəndaşları olub.

2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66 faiz, Hindistandan - 55,3 faiz, Səudiyyə Ərəbistanından – 26 faiz, Özbəkistandan - 20,3 faiz, Qazaxıstandan - 18,5 faiz, Belarusdan - 5,1 faiz azalıb, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 faiz, ABŞ-dan - 69,3 faiz, Almaniyadan - 67,7 faiz, İsraildən - 57 faiz, Böyük Britaniyadan - 33,7 faiz, İtaliyadan - 24,0 faiz, Türkiyədən - 23,3 faiz, Rusiya Federasiyasından isə 14,7 faiz artıb.

2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq, 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq, 159 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq, 297,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 faizi dəmir yolu və avtomobil, 48 faizi hava, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.