Sərnişin avtobusun ödəniş terminalını sındırdı - Video

Sərnişin avtobusun ödəniş terminalını sındırdı
Oxunma sayı: 4725

Bakıda marşrut avtobusunda ödəniş terminalını yumruqla vuraraq sındıran şəxs axtarılır.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda baş verib.

Avtobusun məxsus olduğu şirkətin icraçı direktoru Şəhriyar Gülmalıyev bildirib ki, sürücü nağd ödəniş etmək istəyən sərnişinə ödənişin kartla olduğunu bildirməsinə görə mübahisə baş verib:

“Daha sonra başqa bir sərnişin onun yerinə kartla ödəniş edib. Həmin şəxs düşərkən yenidən mübahisə edib və bu zaman ödəniş terminalına yumruqla vuraraq sındırıb. Nəticədə şirkətə 13 400 manat ziyan dəyib. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət etmişik”.

Hazırda araşdırma aparılır, lakin hadisəni törədən şəxs hələ saxlanılmayıb.

***

Bakı Nəqliyyat Agentliyi sözügedən insidentlə bağlı açıqlama verib:

“Sərnişin-sürücü münasibətlərinin pozulması ilə bağlı növbəti xoşagəlməz hal ötən gün “Azlənd-Plaza” MMC-nin müvəqqəti istismarındakı 49 nömrəli müntəzəm marşrut xəttində baş verib. 

Belə ki, dekabrın 2-si saat 19:00 radələrində bir nəfər sərnişin ( şəxsiyyəti müəyyən edilməyib) avtobusa daxil olarkən gediş haqqını nağd ödəmək istəyib. Sürücü isə nağd ödənişi qəbul etməyərək gediş haqqının nağdsız formada “BakıKart”la ödənilməli olduğunu bildirib. Digər bir sərnişinin kartından istifadə edərək gediş haqqını ödəyən sərnişin daha sonra sürücü ilə mübahisə edib. Bununla kifayətlənməyən sərnişin Bakıxanov qəsəbəsində düşərkən avtobusda olan ödəniş alətinə (validator) yumruqla zərbə vururaq onu yararsız hala salıb.

Təəssüflə bildiririk ki, bu, son bir həftədə ictimai nəqliyyat sürücülərinə qarşı qeydə alınan ikinci xoşagəlməz haldır.

Bunun yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var.  Nağdsız ödənişlə çalışan xətlərdə gediş haqqının “BakıKart”la ödənilməsi də belə qaydalardandır”.