Şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksin açılışı oldu - Fotolar

Şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksin açılışı oldu
Oxunma sayı: 1528

Bu gün Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibəsində şəhid olmuş Yasamal sakinlərinin əziz xatirəsinə həsr olunan memorial kompleksin təntənəli açılışı olub. “Qafqazinfo” xəbər verir ki, xatirə kompleksinin üzərində 339 şəhidin adı və soyadı əks olunub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Yasamal sakinlərinin bir çoxu 90-cı illərin əvvələrində, digər qismi isə 2020-ci ilin Vətən Müharibəsində və aprel döyüşlərində həlak olublar.

Açılış mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclis Sədrinin müavini Adil Əliyev, millət vəkilləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra fəxri qarovulun müşaiyəti ilə xatirə kompleksi önünə əklil və tər güllər qoyulub.

Açılış mərasimində çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, bu xatirə kompleksi şəhidlərin ruhuna bir ehtiramdır: “Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın Vətən müharibəsində zəfəri Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əzmi, şəhid və qazilərin qanı və canı bahasına əldə olunub”.

Tədbir şəhid övladlarının bədii kompozisiyası ilə başa çatıb.