“Şəhidlər arasında müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər də var” - Pominov

“Şəhidlər arasında müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər də var”
Oxunma sayı: 1702

“Azərbaycan torpaqları 30 il ərzində işğal altında olub. Ərazilərimizin, vətənimizin 20%-i təcavüzkarlar tərəfindən ələ keçirilmişdi. Sərhədyanı ərazilərdə dəfələrlə təxribatlar baş verib. Düz bir il əvvəl növbəti təxribatdan sonra millətindən, din və inancından asılı olmayaraq bütün Azərbaycan xalqı torpaqlarını azad etmək üçün ayağa qalxdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İdarəsinin mətbuat katibi Konstantin Pominov deyib.

“Bu, 44 gün davam edən hərbi əməliyyatlar torpaqları azad etmək üçün əsl müharibə idi. Bütün bu günlər ərzində döyüşçülərimizə güc və səbr verməsi üçün, itirdiyimiz torpaqları geri qaytarmaq üçün Allaha dua edirdik. Belə də oldu. Azərbaycan Qarabağ və digər işğal olunan əraziləri geri qaytardı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bir zamanlar ondan qoparılan əraziləri özünə birləşdirdi. İnsanlar, gənclər həlak oldu. Onlar arasında yalnız müsəlmanlar deyil, xristianlar, yəhudilər də var.

Bizim iki Qarabağ müharibəmiz olub. Birincisi 90-cı illərdə, ikincisi isə bir il əvvəl başa çatan. Biz vətən uğrunda həlak olanları xatırlayır və yad edirik. Onlar həqiqətən də şəhidlərdir. Onların əməli müqəddəsdir. Onlar təcavüzkarlar olaraq deyil, öz doğma torpaqlarını azad edən döyüşçülər kimi irəli gedirdilər. Və bu gün, hərbi əməliyyatlar başlayan gün millətindən, din və inancından asılı olmayaraq bütün şəhidlər üçü dua edəcəyik. Çünki bu döyüşçülər qadınlar, uşaqlar və yaşlıların öz torpaqlarında dinc yaşamaları və xoşbəxt olmaları üçün canlarından keçiblər.

Düşünürəm ki, Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanın gözəl xalqı, müdrik rəhbərliyi var. Azərbaycanın nəinki iqtisadi, həmçinin mədəni və dini baxımdan çiçəklənməsi üçün gözəl imkanlarımız var. Fikrimcə, Allah müharibə günlərində yanımızda olduğu kimi, gələcəkdə də Azərbaycanın yanında olacaqdır”, - deyə K.Pominov qeyd edib.