Sakinlər Ümid qəsəbəsinin yollarından şikayətçidir - Foto

Sakinlər Ümid qəsəbəsinin yollarından şikayətçidir
Oxunma sayı: 879

Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan sakinlər illərdir ki, yol və kanalizasiya problemindən əziyyət çəkdiklərini deyirlər. Onların iddiasına görə, bu ilin yayında qəsəbədə yerləşən ikinci küçəyə kanalizasiya çəkilsə də, yol problemi bitməyib. 

Həmin ünvanda yaşayan Peyman İslamzadə “Qafqazinfo”ya müraciətində deyib ki, kanalizasiya çəkilişi üçün hər ailə 150 manatdan pul yığıb:

“Qəsəbə nümayəndəsi Hüseyn Babayev bildirdi ki, yolun asfaltlanması onluqdur. Lakin indi bildirir ki, dövlət yolu nə vaxt çəksə, bizə də o vaxt çəkiləcək. Küçəmiz bərbad vəziyyətdədir, yağış yağan kimi palçıq dizə çıxır”.

Problemi araşdırmaq üçün Qaradağ Rayon İcra Hakimiyyətinin Ümid qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Babayevlə əlaqə saxladıq.

O, həqiqətən sakinlərin öz vəsaiti hesabına küçəyə kanalizasiya çəkildiyini təsdiqləyib: “Bir neçə ay əvvəl Ümid qəsəbəsinə yol çəkiləndə 2-ci küçənin sakinləri də öz küçələrinin asfaltlanması üçün müraciət etdilər. Lakin kanalizasiya olmadığına görə küçəyə asfalt çəkmək mümkün olmadı. Onda həmin ünvandakı fərdi yaşayış evlərinin sakinləri pul yığıb kanalizasiya idarəsiylə birgə kanalizasiya çəkdilər. Biz o pulu görməmişik. Həmin vəsaitlə kanalizasiya boruları alınıb, çəkilişin qalan xərclərini isə “Azərsu” öz öhdəsinə götürüb”.

Yol çəkilişinə gəlincə, H.Babayev bildirib ki, qəsəbənin asfaltlanması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub. Bu məsələ plana salınıb, əraziyə baxış keçirilib və bütün qəsəbəyə asfalt çəkiləcək. 

Gülnar Əliyeva