Şahzadə ilə xanımının “evlilik oyunu” - İldə 12 milyon ödəyəcək

Şahzadə ilə xanımının “evlilik oyunu”
Oxunma sayı: 6590

Monako şahzadəsi II Albert və həyat yoldaşı şahzadə Şarlenlə bağlı maraqlı iddia irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən iddianı Fransanın “Voici” nəşri irəli sürüb.

İddiaya görə, II Albert həyat yoldaşına onunla birlikdə ictimaiyyət qarşısına çıxması və krallıq vəzifələrini yetirməsi üçün ildə 12 milyon avro ödəyəcək. Bildirilir ki, şahzadə cütlük bununla da, evliliklərinin qaydasında getdiyi görüntüsünü yaradacaqlar.

Qeyd olunur ki, 44 yaşlı Şarlen həyat yoldaşını belə bir məxfi müqavilə bağlamağa vadar edib.

“Voici” nəşrinin bu iddiasını digər media qurumları da təsdiq edib. Belə ki, “Paris Match Belgium” nəşri yazır ki, 64 yaşlı şahzadə II Albert özü həyat yoldaşına onunla birlikdə ictimaiyyət qarşısına çıxmaq üçün daha böyük məbləğlər ödəyib.

Sözügedən media qurumlarının məlumatına görə, şahzadə Şarlenə belə bir müqavilə həyat yoldaşından maliyyə baxımından asılı olmamaq üçün lazım olub. Müqavilənin şərtlərinə əsasən, Şarlen həyat yoldaşı ilə “Formula 1” Qran Prisinə və “Rose” xeyriyyə tədbirinə qatılmalıdır.

Kral ailəsi isə, öz növbəsində bu barədə məlumatlara aydınlıq gətirməyib.

Qeyd edək ki, Şarlen və II Albert artıq 10 ildən çoxdur ki, evli olsalar da, onların nikahını uğurlu adlandırmaq olmaz. Şarlenin uzun müddətdir sarayda olmaması, eləcə də, onun son çəkilən fotolarda yorğun görünməsi bu barədə şayiələri daha da gücləndirib. Albertin özü isə evliliklərində hər hansı problemin olmasını təkzib edir.

Bir qədər əvvəl isə Şarlen uzun müddətdən sonra ilk dəfə həyat yoldaşı və övladları ilə görüntülənib.

Saray nümayəndələrinin sözlərinə görə, Şarlenin uzun müddət görünməməsinə səbəb İsveçrədə müalicə alması olub. Buna qədər isə Şarlen Cənubi Afrikaya səfəri zamanı ciddi xəstələndiyi üçün təqribən 10 ay ailəsindən uzaq qalıb. O, bu müddət ərzində bir neçə əməliyyat keçirib.