Sabah Almaniya yeni rəhbərini seçəcək

Sabah Almaniya yeni rəhbərini seçəcək
Oxunma sayı: 2059

Sabah Almaniyada ümumi parlament seçkiləri keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, almanlar növbəti dörd il ərzində onların dövlətinə kimin rəhbərlik edəcəyini seçki bülletenində iki “quş işarəsi” qoymaqla həll edəcəklər.

Bu işarələrdən biri seçicilərin hansı partiyaya üstünlük verdiyini, digəri isə birmandatlı dairələrdə bu və ya digər namizədə səs verilməsini bildirəcək.

Hər bir vətəndaş buna görə məsuliyyətini hiss edir, çünki qanunların referendum yolu ilə qəbul edildiyi qonşu İsveçrədən fərqli olaraq Almaniyada qərarlar yalnız Bundestaqa seçilmiş deputatlar vasitəsilə rəsmiləşir. Bu isə millətin gələcəyi üçün böyük məsuliyyət deməkdir.

Almaniya Konstitusiyasına görə, ölkənin qanunverici orqanı 598 deputatdan ibarətdir və bu orqan qarışıq üsulla – proporsional-majoritar sistem üzrə formalaşır.

Qanunverici orqanda bütün yerlərin yarısı (299 yer) majoritar sistem üzrə, yəni 299 birmandatlı dairədə sadə səs çoxluğu ilə seçilən namizədlər üçün ayrılır.

Mandatların ikinci yarısı isə bu və ya digər partiyanın seçkilərdə neçə səs toplamasından asılı olaraq partiya siyahıları üzrə Bundestaqa seçilmiş namizədlər arasında paylanır.

Partiyaların proqramları fərqlidir. Sabahkı seçkilərdə növbəti dörd il üçün ölkənin siyasi xətti müəyyən ediləcək. Bu gün isə almanlar “sükut günü” keçirir, yəni seçkiqabağı təşviqat dayandırılıb.