Rusiyanın Avropaya təbii qaz ixracı son 40 ilin ən aşağı həddinə çatıb

Rusiyanın Avropaya təbii qaz ixracı son 40 ilin ən aşağı həddinə çatıb
Oxunma sayı: 657

Rusiyanın boru kəməri ilə Avropa İttifaqı (Aİ) və Böyük Britaniyaya təbii qaz ixracı bu ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 % azalaraq son 40 ilin ən aşağı səviyyəsinə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Enerji Agentliyi (IEA) bəyanat yayıb.

Bəyanata görə, Rusiyanın 2016-2020-ci illər arasında boru kəməri ilə Aİ və Böyük Britaniyaya göndərdiyi qaz bu ölkələrin ümumi tələbatının təxminən üçdə birinə uyğundur.

2020-ci ildən etibarən Rusiyanın boru kəmərləri ilə Aİ və Böyük Britaniyaya təbii qaz ixracı epidemiyaya görə tələbatın azalması səbəbindən aşağı düşüb.

Ötən ilin ortalarında Rusiya Avropaya təbii qaz ixracını yalnız uzunmüddətli müqavilələrlə məhdudlaşdırıb və spot bazar satışlarını dayandırıb.

Təbii qaz kəməri ilə Rusiyadan ixracatın azalmasını kompensasiya etmək istəyən Aİ və Böyük Britaniya ABŞ-dan rekord miqdarda mayeləşdirilmiş təbii qaz idxal edir.