“Rəsmilər o qapını sökdülər, 10 gündən sonra yenə eyni yerdən qoydu”

“Rəsmilər o qapını sökdülər, 10 gündən sonra yenə eyni yerdən qoydu”
Oxunma sayı: 3272

“Biz 3 qonşu öz hesabımıza bu küçəni abadlaşdırmışıq.10 minə yaxın xərc çəkib küçədə ağaclar, güllər əkib, yaşıllıq salmışıq. İndi bir qonşu gəlib bütün bunları yararsız hala salıb, təbiətə zərər verib”.

Bu şikayətlə “Qafqazinfo”ya Sulutəpə sakini Mehriban Abdullayeva müraciət edib. 

Onun sözlərinə görə, 2002-ci ildən bəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yaşayır. Burada yaşadığı 10 il müddətində 3 qonşusu ilə birlikdə küçələrini abadlaşdırıb və yaşıllıq salıblar: “Təxminən 400-500 metrlik yolu asfaltlayıb, ağaclar, tinglər əkmişik. Biz ekologiyanın təmizliyi ilə bağlı bu işləri gördük. İllərlə bu ağaclara qulluq etdik, dərmanladıq, gübrələdik. Amma indi bir nəfər gəlib, sahibsiz torpaq var idi həmin torpaqda qəflətən ev tikməyə başladı. Onun çıxış yeri ola-ola ağacların içərisində qapı açdı, ağacları yoldu tökdü”. 

Vətəndaş bildirir ki, baş verənlərdən sonra onlar aidiyyəti orqanlara müraciət ediblər: “Ekologiyadan da, icradan da adam gəlib baxdı və aktlaşdırdı ki, bütün yaşıllıqlar qorunmalıdır. Həmin şəxsin qoyduğu qapını da sökdülər. Çünki o qapını başqa istiqamətdən də qoya bilər. Amma bu adam 10 gündən sonra yenə də qapını eyni yerdən qoydu. 3 dənə qapı açıldı və şam ağacları, dekorativ palma ağacları tapdalandı. Üstündən o tərəfə, bu tərəfə tullanırlar”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət rəsmisi Vaqif Cavadov “Qafqazinfo”ya bildirib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və şikayət təsdiqini tapmayıb: “Sözügedən ünvana keçirilən baxış zamanı ərazidə şəxsi mülkiyyətdə olan sahədə təmir-tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib. Tikinti ətrafında olan yaşıllıqlar sayılaraq qeydiyyata alınıb və nəzarətə götürülüb”.

Lamiyə Məmmədova