“Qonşumla eyni gündə müharibəyə getsək də, ona veteranlıq verildi, mənə yox”

“Qonşumla eyni gündə müharibəyə getsək də, ona veteranlıq verildi, mənə yox”
Oxunma sayı: 2050

“Vətən müharibəsi başlanandan ön cəbhəyə yollanmışam. Füzuli, Xocavəndin işğaldan azad edilməsində iştirak etmişəm. Sanitar-təlimatçı vəzifəsində olmuşam, amma bu, sadəcə sənəddə yazılandır. Əslində döyüş müddətində avtomat əlimdən düşməyib. Lakin hələ də veteranlıq statusu ala bilmirəm”.

Bununla bağlı “Qafqazinfo”ya Biləsuvar rayonunun Nərimankənd sakini Nuriyev Paşa İbrahim oğlu müraciət edib.

Qazinin sözlərinə görə, əvvəlcə adı veteranlıqla bağlı siyahıda olsa da, sonradan çıxarılıb: “DSMF-nin Biləsuvar şöbəsində yoxlatdırmışdım, bu il yanvarın 1-dən mart ayının 14-dək siyahıda adım var idi. Elə hazırlaşırdım gedim kartımı alım, dedilər ki, artıq adın silinib. Martın 19-da Müdafiə Nazirliyinə getdim, dedilər ki, sən müharibədə sanitar-təlimatçı olduğuna görə TƏBİB-ə bağlısan. Bir də onu dedilər ki, məsələ həll olunacaq. Lakin 2 aydan çox keçib, hələ də həll olunmayıb. Mənə veteranlıq statusu verilmir, amma mənimlə eyni gündə, eyni hərbi hissəyə gedən və eyni vaxtda qayıdan qonşum var. O, artıq 3 aydır ki, veteranlıq ödənişi alır”.  

Problemlə bağlı Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, hazırda qazi ilə bağlı məlumatlar araşdırılır: “Vətəndaş P.Nuriyev və ondan başqa digər 12 000-dən çox Vətən müharibəsi iştirakçılarının arayış-məlumatları tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün müvafiq komissiyaya göndəriləcək”.

TƏBİB-dən isə müraciətimizə cavab kimi deyildi ki, Agentlik bütün aidiyyəti şəxslərin sənədlərini toplayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edib: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahını və təsdiqedici məlumatları hazırlayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edib. Həmin şəxslər barədə siyahı və təsdiqedici məlumatlar - hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən digər sənədlər TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən toplanılıb, düzgünlüyü yoxlanılıb”.

Gülnar Əliyeva