“Qızım müsahibədən uğurla keçsə də, heç bir məktəb qəbul eləmir”

“Qızım müsahibədən uğurla keçsə də, heç bir məktəb qəbul eləmir”
Oxunma sayı: 2752

“Qızım Süleymanova Zeynəb Şamilovna bu il birinci sinfə getməlidir, lakin yaxınlıqdakı 81 nömrəli məktəb uşağı qəbul etməkdən imtina edir. Uşaq rus bölməsi üzrə müsahibədən uğurla keçsə də, qalıb ortalıqda...”

Bu iddia ilə “Qafqazinfo”ya valideyn Nuriyyə Həsənova müraciət edib. O bildirib ki, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində qeydiyyatdadırlar və həmin ünvanda da yaşayırlar. 

Şikayətçinin sözlərinə görə, övladını birinci sinfə qoymaq üçün yaşadığı ünvandan 10 dəqiqəlik məsafədə yerləşən 81 nömrəli məktəbə müraciət edib: “Məktəbdə yer olanda müraciət elədim, sorğu göndərdim. "Azərişıq"la bağlı abonent kodumuzu yazdım. Mənə imtina gəldi, bildirildi ki, həmin ərazidə qeydiyyatda deyiləm. Halbuki bizim binamızda rus bölməsində oxuyan bütün uşaqlar həmin məktəbə gedirlər. Məktəb direktoruna müraciət etdim, dedi ki, bizlik deyil, Təhsil İdarəsinə müraciət edin. Təhsil İdarəsinə getdim, bildirdilər ki, sizin qeydiyyatınız Abşeron rayonu olduğuna görə, övladınız Qaradağda oxumalıdır. Mən Qaradağa necə gedim çıxım? Evimin yanında məktəb ola-ola niyə o boyda məsafə qət etməliyəm? Artıq bu məktəbdə yer də qalmayıb. Şəhərdə 145 nömrəli məktəbə sorğu göndərdim. Orada yaxınlarım qalır, düşündüm ki, köçüb onlarda yaşayaram, təki uşaq məktəbə gedə bilsin. Onların abonent kodu ilə qeydiyyatdan keçmək istədim, yenə də qəbul etmədilər ki, qeydiyyatınız ora deyil. Heç bir məktəb qızımı birinci sinfə qəbul eləmir”.

Nuriyyə Həsənova əlavə edib ki, yaxınlıqdakı 81 nömrəli məktəbdə məktəbəhazırlıq olmadığına görə övladı 5 yaşından ora gedə bilməyib. Amma fərdi müəllimlə hazırlaşıb və müsahibədən uğurla keçib.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş Süleymanov Şamil Ələmdar oğlu övladı Süleymanova Zeynəb Şamilovnanı mektebeqebul.edu.az sistemində qeydiyyatdan keçirib, tədrisi digər dillərdə aparılan bölməyə qəbulu üçün müsahibəyə yazdırıb və müsahibədən uğur qazanıb: “Vətəndaş özü və övladı Abşeron rayonu, Məhəmmədi qəsəbəsində qeydiyyatdadır. Qeyd olunan 81 nömrəli tam orta məktəb isə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşir. Eyni zamanda növbəti tədrsi ili üçün həmin məktəbin tədrisi digər dildə olan bölməsinə I siniflər üzrə şagird qəbulu zamanı açılmış bütün şagird yerlərinə üstünlük hüququ əsasında aparılmayıb. Belə ki, həmin ərazidə qeydiyyatlı yaşayan, bacı-qardaşı həmin məktəbdə təhsil alan vətəndaşların hüquqlarını təmin etmək məqsədilə açılmış şagird yerlərinin müəyyən faizinə tətbiq edilib. Hazırda həmin məktəbdə mövcud siniflərdə şagird yerləri müəllimlərin dərs deyəcəyi sinif otağının tutumuna uyğun olaraq tutulub. Vətəndaş həmin ərazidə yerləşən digər ümumi təhsil məktəblərindən birinin Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər”.

Gülnar Əliyeva