“Qəbələ” futbol akademiyası dağılmaq təhlükəsi ilə üz-üzə

“Qəbələ” futbol akademiyası dağılmaq təhlükəsi ilə üz-üzə
Oxunma sayı: 1842

“Qəbələ” futbol akademiyası dağılmaq təhlükəsi ilə üz-üzədir.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb klubda yaranan maddi problemlərdir.

2009-cu ildən fəaliyyət göstərən akademiya hazırda futbol məktəbinə çevirilə bilər. “Qəbələ”nin baş meneceri Nail Kərimov da mövcud durumu belə şərh edib: “Akademiyada komandalarımız iyulun 20-dən avqustun 1-dək olan müddətdə müxtəlif yaş qrupları toplandı, təlim-məşqlərə başladı. Bu şəkildə hazırlıqlarımız gedir. Növbəti həftə çempionatlar start götürür. Amma bir sualımız, bir problemimiz var. O da maliyyədir. Hal-hazırda 5-6 il əvvəllə müqayisədə zəifləmiş olsaq da, yenə də akademiya kimi fəaliyyətimizi davam etdiririk - yaşayışı, qidalanması, futbolçulara, məşqçilərə münasibət daxil olmaqla. Amma hal-hazırda akademiya, uşaq futboluyla əlaqədar ciddi maliyyə problemi var. Ola bilər ki, bu yaxın müddətdə akademiya statustundan çıxıb sadə uşaq-futbol məktəbi kimi fəaliyyət göstərək. Bu, növbəti günlər üçün istisna olunmayan bir haldır. Akademiyasız "Qəbələ"ni təsəvvür eləmək belə mümkün deyil. Ümid var, amma reallığı da unutmuruq. Mənə elə gəlir ki, maksimum bir həftə ərzində bu suallar öz həllini tapmalıdır”.

Kərimov maddi problemlərin əsas səbəbini belə açıqlayıb: “Çünki bazamız, bilirsiniz, yaxşı meydançalarımız var. Bunu qorumaq üçün də yaxşı vəsaitə ehtiyac var. Biz əyalət klubuyuq, həddən artıq çox səfərlərə gedirik-gəlirik. Nəqliyyat xərclərimiz də kifayət qədər yüksək olur. Həmçinin futbolçuları sadəcə, "oyuna apardıq-gətirdik, yaxud məşqə çıxdılar-qayıtdılar" şəklində saxlamamışıq heç vaxt. Vitaminləşmədən, qidalanmadan, geyimlərindən tutmuş asudə vaxtlarının, istirahətlərinin təşkili, universitetlərə hazırlamaq istəyən futbolçularımızın hər birinə xırda detallara qədər təhsilərində dəstək göstərilir. Şəxsi həyatlarında problemləri olanların hər biriylə ən xırda detallarına qədər həmişə maraqlanırıq. Təbii ki, hardasa boşluğa yol vermiş ola bilərik. Amma əsasən işimizi görkəm xətrinə yox, həqiqətən iş görərək planlaşdırmışıq. İndi görünən odur ki, əlavə vəsait olmasa, bu dediklərimizi yarıyolda qoymaq məcburiyyətində olacağıq”.