Qazini maşınla vuran sürücü dostunu hərbi hissəyə aparırmış...

Qazini maşınla vuran sürücü dostunu hərbi hissəyə aparırmış...
Oxunma sayı: 1924

Yanvarın 18-də Qəbələdə idarə etdiyi “Toyota” markalı avtomobillə Vətən Müharibəsi qazisini vuraraq ölümünə səbəb olan şəxsə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Eldəniz İsmayılov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işə Qəbələ Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, hadisənin baş verdiyi gün, E.İsmayılov özünə məxsus “Toyota Carolla” markalı avtomobillə hərbi xidmətdən Sumqayıta məzuniyyətə gəlmiş İdris adlı dostunu geri qaytarırmış. Həmin gün İdrisi Zaqataladakı hərbi hissəyə apararkən onları daha 2 nəfər də müşayiət edib.

Məhkəmə araşdırması zamanı o da məlum olub ki, onlar Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən 79-cu kilometrliyində saatda 80 km/saat sürətlə hərəkətdə olarkən sürücü avtomobillər üçün sürət həddinin 60 km/saat olduğunu göstərən işarəni görüb. O, dərhal sürəti aşağı salmaq istəyib və nəticədə avtomobil idarəetmədən çıxaraq yolun kənarında şebel örtüklü yerlə hərəkət etməyə başlayıb. Bu zaman avtomobil yol kənarındakı Qəbələ rayonunun Kiçik Pirəli kənd sakini 2000-ci il təvəllüdlü İsmayıl Adıgözəlovu vurub.

Sürücü dərhal maşından düşərək yaralıya kömək etməyə çalışıb və onu Qəbələ Diaqnostika Mərkəzinə aparıb. Lakin İ.Adıgözəlovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İsmayıl Adıgözəlov Vətən müharibəsi iştirakçısı olub. O, Qəbələ rayonunun Zarağan kəndində yerləşən marketlərdən birində işləyirmiş və hadisə də İsmayıl yaşadığı kənddən çıxıb iş yerinə gedərkən baş verib.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə E.İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.

Nizam Rza