“Qarşıdakı oyunlarda heyətdə dəyişiklik ola bilər” - Qurban Qurbanov

“Qarşıdakı oyunlarda heyətdə dəyişiklik ola bilər”
Oxunma sayı: 1543

“Baxmayaraq ki, qalibiyyət olmadı, amma hazırlığımızdan çox razı qaldım”.

"Qafqazinfo" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyadakı təlim-məşq toplanışının yekunu barədə klubun Yutub kanalına açıqlamasında deyib.

Baş məşqçi qeyd edib ki, futbolçuların son hazırlıq səviyyəsinin eyni olması çox vacib idi:

“Bu gün proqramımızda bir az dəyişiklik oldu. Son günə iki oyun planlaşdırmışdıq. İlk görüş baş tutmasa da, bunu müəyyən formada kompensasiya edə bildik. Şükürlər olsun, demək olar ki, hazırlıq mərhələsini zədəsiz başa vurduq. Bu, çox vacib idi".

Q.Qurbanov futbolçulara yükləmələrin həddindən artıq çox olduğunu deyib:

“İnanıram ki, bundan sonra burada texniki cəhətdən gördüyümüz səhvləri oyunlarda azaldacağıq. Futbolçuların hər birindən razı qaldım. Hamısı çox istəkli idi və əsas heyət üçün sonadək mübarizə apardılar. Bu gün iki heyət mübarizə apardı. İkinci hissədə meydana çıxan futbolçular xoş təəssürat oyatdılar.

Bəzilərinin daha yaxşı olduğunu gördüm. Bu mənada, qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Çünki futbolçular məni buna məcbur edirlər. İnanıram ki, matçlarda xeyli rotasiyalar edə biləcəyik, bu, mənim üçün çox vacib idi. Futbolçularıma təşəkkür edirəm. İnşallah, Bakıya döndükdən sonra daha yaxşı formada olacağıq".