“Qarabağ”dan pulsuz bilet istəyən kimlərdir?

“Qarabağ”dan pulsuz bilet istəyən kimlərdir?
Oxunma sayı: 8308

Niyə bizdə o əjdahadan yoxdur? Bu, çox aktual və ironik sualdır. Hər ümumi problemlə üzləşəndə, bu ənənəvi sualı dilimizə gətiririk.

İndi Ağdamdan Bakıya qayıdıram. Yolboyu fikirləşirəm və qənaətə gəlirəm ki, əslində, o əjdahadan bizdə var. Vallah, var...

Məsələn, Çempionlar Liqası matçına stadiondan baxmaq istəyən Parisdə hansısa idarə rəisi, məmur və ya iş adamı PSJ-nin prezidenti Naser əl-Xəlaifiyə zəng edib oyuna pulsuz bilet istəyə bilərmi? Əsla! Birincisi, bu, bir parisli üçün qeyri-etik davranışdır, ikincisi də, gərək əjdaha ürəyi yeyəsən.

Bizdə isə o “əjdahalardan” kifayət qədərdir. Sizi tam əmin edirəm ki, indi, elə bu dəqiqə “Qarabağ” rəhbərliyinin, rəsmilərinin telefonu susmur. Qiyməti 2500-3000 manat olan telefonlardan gələn zənglər “Qarabağ” - “Viktoriya” matçına bilet axtarır, daha doğrusu pulsuz bilet...

Halbuki bu qarşılaşmanın ən bahalı, VİP bileti 100 manatdır. Amma nə olsun? İstirahəti üçün Bodrumu, Antalyanı, Avropa şəhərlərini seçənlər, 50-100 manatlıq biletə görə sürücüsünü klubun bazasına göndərir və tapşırır ki, demişəm, get biletləri götür.

Axı niyə? Dünyanın hansı ölkəsində belə bir təcrübə var? Niyə klubdan pulsuz forma, top, bilet istənilməlidir ki? Məgər, “Qarabağ”ın fan-şopu yoxdur? Və ya bu şəxslərin aylıq 400-500 manata işləyib Ağdam klubunun səfər matçlarına getmək üçün pul xərcləyən, bilet alan və hər oyunda klubun qələbəsinə görə qışqırmaqdan, dəstək olmaqdan boğazını yırtan siravi azarkeşlərindən nəyi artıqdır?

Heç nəyi!

İndi oyunöncəsi Qurban Qurbanov rəqibi analiz etsinmi, yoxsa kiməsə bilet tapmaqla məşğul olsun? Klubun idaərəçiləri vacib qarşılaşmanın təşkili məsələləri ilə məşğul olsunlarmı, yoxsa bilet istəyənlərin zənglərinə cavab versinlər?..

Unutmayaq ki, “Qarabağ” bu ölkə üçün çox böyük dəyərdir. Birmənalı bir nömrədir. Şikəstlik dərəcəsini müəyyən etməyin qeyri-mümkün olduğu ölkə futbolunda ən sağlam idarə olunan tək-tük klublardandır. Öz büdcəsini də tək sponsor və avrokuboklarda qazandığı uğurların hesabına formalaşdırır. Bilet satışınından da gəlir əldə etməsi ən doğal haqqıdır.

Hansısa iş adamı 50-100 manatına qıymayıb pulsuz bilet sevdasına düşəcəksə,  onun “Qarabağ”a hansı dəstəyindən söhbət gedə bilər? Onun azarkeşliyinin səmimiliyinə inanmaq olarmı? Nəzərə alaq ki, Kadi Borges “Qarabağ”da pulsuz oynamır. Zubir də bizim qara qaşımıza, qara gözümüzə vurulmayıb.

Emin Səfərov