““Qala” Şirkətlər Qrupu üç illik xidmət haqqını ödəməkdən imtina edir”

““Qala” Şirkətlər Qrupu üç illik xidmət haqqını ödəməkdən imtina edir”
Oxunma sayı: 951

Press Revyu İnformasiya Monitorinq Agentliyi (PRA) 3 il ərzində “Qala Həyat” və “Qala Sığorta” şirkətlərinin şifarişi ilə media monitorinq xidməti göstərsə də, müvafiq dövr üçün xidmət haqqını ala bilmədiyini iddia edir.

PRA-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, media monitorinq xidmətini hər iki sığorta şirkətinin nümayəndəsi sifariş verib. Belə ki, 2018-ci il yanvarın əvvəlindən agentliyin nümayəndəsi ilə hər iki sığorta şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi arasında “Qala Sığorta” və “Qala Həyat” Sığorta şirkətlərinə Media Monitorinq xidmətinin göstərilməsinə dair razılıq əldə edilib: “Daha sonra e-mail vasitəsilə 18 yanvar 2018-ci il tarixdə müqavilənin elektron variantı göndərilib. 31 yanvar 2018-ci il tarixində “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanından Press Revyu Agentliyinə 2 dəfə müraciət olunaraq xidməti həmçinin Sığorta Şirkətlərinin rəhbərliyi də daxil olmaqla 7 nəfərə göndərilməsi xahiş edilib. 2 aprel 2018-ci il tarixində, yenə də “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanı üzərindən agentliyə müraciət edilərək rəhbərliyə aid olan 3 nəfərə xidmətin çatdırılmasında çətinlik yarandığı haqda məlumat verilib. Problem dərhal həll olunub, xidmət göndərilməkdə davam edib”.

Agentlikdən bildirilib ki, 2021-ci ilin əvvəlində “Qala Sığorta” qrupunun 36 ay istifadə etdiyi xidmət haqqını ödəmədiyi məlum olub: “Problemlə bağlı hər iki sığorta şirkətinin rəhbərliyinə müraciət etsək də, problem öz həllini tapmadı. Onlar xidmətin göstərildiyini etiraf etdilər, lakin xidmət haqqının ödənilməsinin mümkünsüz olduğunu bildiriblər.

Belə ki, həmin sığorta şirkətlərinin adından yalnız İdarə Heyətinin sədrlərinin danışmaq və müqaviləni imzalamaq səlahiyyətinin olduğunu bildiriblər. Qeyd edək ki, əməkdaşlığa başlamaqla bağlı aparılan yazılı danışıqlar barədə hər iki sığorta şirkətinin rəhbərliyinin məlumatı olub. Belə ki, e-mail vasitəsilə aparılan yazışmaların surəti həmçinin rəhbərliyə e-mail vasitəsilə göndərilib və bütün bunların arxivi agentliyin bazasında indi də qalır”.

Agentlik bundan sonra xidmət haqqını almaq üçün məhkəməyə üz tutub: “Problemin həll olunması üçün “Qala Sığorta” qrupuna rəsmi məktubla müraciət edilib. Mənfi cavab aldıqdan sonra Bakı Kommersiya Məhkəməsində sığorta şirkətlərinə qarşı iddia qaldırdıq. İşə baxışı hakim Həsənova Ülkər həyata keçirib. Bütün sübutlar məhkəməyə təqdim edilib. Proses zamanı hər iki sığorta şirkətinin agentliyin təqdim etdiyi hesabatlardan öz reklam məqsədləri üçün mediada istifadə etdikləri də üzə çıxıb. Həmçinin hər iki sığorta şirkəti onu təmsil etmiş nümayəndə ilə əmək müqaviləsini təqdim edə bilməyib”.

Bakı Kommersiya Məhkəməsi isə mötəbər sübutlar təqdim edilmədiyi qənaətinə gələrək iddianı təmin etməyib. PRA Agentliyi qərardan apellyasiya şikayəti verib.