Putinin dəfələrlə təltif etdiyi yeni komandan... - Dosye

Putinin dəfələrlə təltif etdiyi yeni komandan...
Oxunma sayı: 5966

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə general-leytenant Gennadi Anaşkin təyin olunub.

“Qafqazinfo” rus sülhməramlıların yeni komandanı ilə bağlı məlumatları təqdim edir:

Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Kuybışevdə (indiki Samara –red.) anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb, Almaniyada xidmət edib. Daha sonra Ryazan Ali Hava-Desant Komanda Məktəbini bitirib. 1998-ci ildən 116-cı əlahiddə paraşüt-desant batalyonunda xidmət edib, rotaya komandanlıq edib.

1999-cu ilin dekabr ayından 2000-ci ilin avqust ayına qədər keçmiş Yuqoslaviyada xidmət edib. Bosniya və Herseqovinada sülhməramlı qüvvələrin tərkibində paraşüt-desant taboruna komandanlıq edib.

2003-cü ildə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirib. Çeçenistanda birinci və ikinci müharibələr dövründə orada ezamiyyətdə olub.

2007-ci ilin iyun ayından 104-cü qvardiya desant-hücum alayına komandanlıq edib. Anaşkinin komandanlığı altında olan qrup 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.

Rusiya Prezidentinin 2008-ci il tarixli fərmanı ilə hərbi borcunu yerinə yetirərkən göstərdiyi igidliyə görə Anaşkinə “Qızıl Ulduz” medalı və “Rusiya Federasiyasının Qəhrəmanı” adı verilib.

2008-ci ilin yekunlarına görə, polkovnik Anaşkinin komandanlığı altında olan alay Rusiyanın Hərbi-Desant Qüvvələrində ən yaxşı alay seçilib.

2009-cu ilin avqust ayından 106-cı qvardiya hava-desant diviziyası komandirinin müavinidir, 2010-cu ilin noyabr ayından 2011-ci ilin yanvar ayınadək isə həmin diviziyanın komandiri vəzifəsini icra edən şəxs olub.

2012-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

2014-cü ilin avqust ayında Cənubi hərbi dairənin 58-ci Ümumqoşun Ordusu Komandanının müavini təyin edilib.

2017-ci ilin iyulunda isə Cənubi hərbi dairənin 8-ci Qvardiya Ümumqoşun Ordusunun komandanının müavini olub.

Rusiya Prezidentinin 11 iyun 2021-ci il tarixli fərmanı ilə Anaşkinə general-leytenant rütbəsi verilib.