Prezidentdən İranın sərhəddəki təlimlərinə reaksiya

Prezidentdən İranın sərhəddəki təlimlərinə reaksiya
Oxunma sayı: 5286

“Sərhədimizin yaxınlığında İran tərəfindən keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş verməmişdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Anadolu Agentliyinə verdiyi müsahibəsində deyib.

“İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna heç kim bir söz deyə bilməz. Lakin bunu bir zaman kəsimində təhlil etdikdə, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə bizim sərhədimizdə? Bu sualları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar verir.

Bir sual daha verilir ki, niyə işğal dövründə o bölgədə təlim keçirilmirdi? Niyə ermənilərin Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dövrdə təlim təşkil olunmurdu? Nəyə görə biz bu torpaqları azad etdikdən, 30 illik əsarət və işğala son qoyduqdan sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir vəziyyətin olmasını istəmirik. Bir daha demək istəyirəm, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Bizim haqlı addımlarımıza qarşı göstərilən emosional reaksiyaların müvəqqəti olacağına ümid edirəm”, - deyə Prezident İlham Əliyev vurğulayıb.