Prezident Türkiyə, Pakistan və Özbəkistan rəsmilərini qəbul etdi - Yenilənib

Prezident Türkiyə, Pakistan və Özbəkistan rəsmilərini qəbul etdi
Oxunma sayı: 1603

İyunun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Türkiyə parlamentinin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb, Azərbaycanın Hərəkata sədrliyi müvəffəqiyyətlə həyata keçirdiyini bildirib.

Mustafa Şentop Azərbaycan ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Türk Dövlətləri Təşkilatı, TÜRKPA çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edən Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı ilə əlaqədar bir müddət əvvəl Azərbaycanda səfərdə olduğunu məmnunluqla xatırlayıb.

Söhbət zamanı 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilərkən Türkiyənin ölkəmizin xüsusi dəvəti ilə tədbirdə iştirakının əhəmiyyəti vurğulayıb..

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinin daha da inkişaf etdirilməsinə, onun təsisatlanmasına mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.

Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında Azərbaycana göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

***

Prezident İlham Əliyev Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancranini qəbul edib.

Görüşdə Məhəmməd Sadiq Sancrani Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin salamlarını dövlət başçısına çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Arif Alviyə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Məhəmməd Sadiq Sancraninin ölkəmizə səfərinə toxunaraq yüksək səviyyədə olan əlaqələrimizə dair məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün bu səfərin yaxşı imkan yaratdığını bildirib.

Dövlət başçısı qardaş Pakistanın hər zaman, xüsusilə də torpaqlarımızın işğalı illərində, İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə ölkəmizə göstərdiyi qardaşlıq dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev o vaxt erməni işğalına görə Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmamasının xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.

Ölkəsinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini daim dəstəklədiyini bildirən Məhəmməd Sadiq Sancrani Pakistan xalqının Azərbaycanın Qələbəsini böyük sevinclə qeyd etdiyini vurğulayıb.

Pakistan Senatının sədri Vətən müharibəsində qazanılan Şanlı Qələbə və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Qonaq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb.

***

Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

Tənzilə Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu vurğulayıb, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, səfərin çox məzmunlu olduğunu qeyd edib. Səfər zamanı razılaşdırıldığı kimi, aidiyyəti dövlət qurumlarına tapşırıqların verildiyini, əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bu məsələlərin müntəzəm olaraq nəzarətdə saxlanılacağını deyib. Dövlət başçısı səfərin ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin nə dərəcədə güclü olduğunu bir daha nümayiş etdirdiyini bildirib.

Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb, hazırda Hərəkatın təsisatlanması istiqamətində Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin həyata keçirildiyini qeyd edib.

Tənzilə Narbayeva Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin Prezident Şavkat Mirziyoyevə və Özbəkistan xalqına dərin təəssürat hissi bağışladığını xüsusi olaraq vurğulayıb. Bu səfərin nəticəsi olaraq Özbəkistan rəhbərliyi tərəfindən müvafiq qurumlara göstərişlərin verildiyini bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edən Tənzilə Narbayeva Ulu Öndərin Özbəkistan ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini deyib.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qeyd edən Özbəkistan Senatının sədri ölkəmizə səfəri çərçivəsində Şuşaya gedəcəklərini vurğulayıb. Qonaq bu gün Azərbaycanın dünyada siyasi, iqtisadi və humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edib.

Tənzilə Narbayeva Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının müvəffəqiyyətlə keçirildiyini deyərək bu tədbirə dəvətə görə təşəkkürünü bildirib. O, bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsün müəllifinin məhz Prezident İlham Əliyev olduğunu xüsusi vurğuladı, Azərbaycanın çox səmərəli şəkildə Hərəkata sədrlik etdiyini söyləyib.

Söhbət zamanı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub. Parlamentlərin dövlət başçıları tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verəcəyi xüsusi vurğulanıb.

Qonaq ölkəmizə hər səfərlərində Bakıda böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirib.