Prezident hərbi hissədə oldu, nazir raport verdi - Yenilənib + Video

Prezident hərbi hissədə oldu, nazir raport verdi
Oxunma sayı: 6965

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

"Qafqazinfo" xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirib.

Diqqətə çatdırılıb ki, dörd hektar ərazidə salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. Qərargah binasında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana binalarının hamısında hərbçilər üçün hamam otaqları yaradılıb. Hamam-camaşırxana binası da bütün tələblərə tam cavab verir. Bundan əlavə, ərazidə stomatoloq, fizioterapiya, funksional diaqnostika, prosedur otaqlarının yerləşdiyi tibb məntəqəsi qurulub. Yeməkxana binasında hərbçilərin qidalanması üçün hər cür şərait yaradılıb. Fasiləsiz elektrik enerjisi ilə təmin olunan hərbi hissədə su təminatı üçün 180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə daimi təhlükəsizliyi təmin etmək məqsədilə 24 saat xidmət göstərən qarovul evi, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədi ilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi da istifadəyə tam hazırdır. Bundan əlavə, hərbi qulluqçuların ailələri üçün 48 xidməti mənzildən ibarət ikimərtəbəli 3 yaşayış binasının tikintisinə başlanıb. Hərbi hissənin ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi