Prezident azad edilmiş torpaqlarda təsərrüfat işlərindən danışdı

Prezident azad edilmiş torpaqlarda təsərrüfat işlərindən danışdı
Oxunma sayı: 1102

“Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. 

“Məsələn, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var və biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni, dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq. Bu bölgələrdə - Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”, - deyə dövlət başçısı qeyd edib.