Polis rəislərindən Seyfulla Əzimova şikayət

Polis rəislərindən Seyfulla Əzimova şikayət
Oxunma sayı: 10496

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev Sumqayıt və Abşeron polis rəislərinin məhkəmə qərarlarını icra etməməsi barədə daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova müraciət edib. O bildirib ki, son 8 ayda 6 qərar çıxarsa da, sözügedən rəislər bu sənədlərə laqeyd yanaşırlar. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məsələ 2019-cu il avqustun 16-da Sumqayıt şəhərində “Metallurq” kafesində baş vermiş hadisə ilə bağlıdır.

Belə ki, həmin gecə saat 23 radələrində fəhlə işləyən Xaqani Quliyev və Vüqar Tağıyev kafeyə gələrək pivə sifariş ediblər. Daha sonra həmin şəxslər tum yeyərək qabığını yerə töküblər. Ofisiantlar bir neçə dəfə onlara bu barədə xəbərdarlıq etsələr də, Xaqani və Vüqar tum yeməyə davam ediblər. Daha sonra kafenin mühafizəçisi Sabir Əskərovu çağırıblar. O da bir dəfə xəbərdarlıq etdikdən sonra Xaqani və Vüqarı söhbət etmək üçün çölə çağırıb.

İttihama görə, bu zaman Xaqani söyüş söydüyü üçün Sabir Əskərov onu yumruqla vurub yerə yıxıb, ardınca həmin kafedə ofisiant işləyən Bəxtiyar Fərəcov yerdə olan stolu götürərək Xaqaninin üzündən zərbə vurub. Stolun dəmir ayağı Xaqaninin gözünü çıxarıb. Daha sonra kafedə ilk iş günü olan ofisiant Tural Sadıqov yerdən götürdüyü taxta parçası ilə söyüş söyən Vüqar Tağıyevin sifətinə vurub. Sabir Əskərov isə yerdən götürdüyü daşı yaralı halda söyüş söyən Xaqaninin başından vurub.

Bu işlə bağlı cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Zeynal Ağayevin icraatında olan cinayət işi üzrə məhkəmə prosesi 8 aydır ki, şahidlərin dindirilmə mərhələsini yekunlaşdıra bilmir. Buna səbəb isə Sumqayıt və Abşeron polis idarələri rəislərinin hakimin şahidlərin məcburi gətirilməsi barədə qərarı icra etməməsidir. Şahidlərin biri həmin kafenin sahibi Vasif Quliyevdir. Digər şəxslər isə kafenin xidmətçiləri – Aynur Ağazadə, Zenfira Cəfərova, müştəri Günel İsmayılzadə, kafenin “DJ”i Teymur Qurbanov, ofisiantlar – Kənan Vəliyev və Sübhan Abdulrəhimovdur.

Hakim Zeynal Ağayevin Seyfulla Əzimova etdiyi sözügedən müraciətdə bildirilir ki, o, sentyabrın 11-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimova 3 dəfə müraciət edərək polis idarələrinin rəislərinin şahidləri məhkəməyə gətirtmədiyini bildirib və bunun məhkəmə prosesinin lüzumsuz uzadılmasına səbəb olduğunu bildirib.

Lakin general-mayor da bu şahidlərin gətirilməsini təmin edə bilməyib. Bundan sonra, hakim Zeynal Ağayev 2020-ci il oktyabrın 27-də daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova rəsmi məktubla müraciət edib. Lakin bu məktub da cavabsız və hərəkətsiz qalıb.

Sonuncu dəfə Zeynal Ağayev Seyfulla Əzimova təkrar məktub ünvanlayaraq polis rəislərinin hansısa səbəblərdən məhkəmə qərarını icra etmək marağında olmadığını bildirib: “Sumqayıt şəhər Polis İdarəsi və Abşeron rayon Polis Şöbəsi bu günədək məhkəmənin qərarını icra etmir. Dəfələrlə bu barədə Abşeron və Sumqayıt Polis idarələrinin vəzifəli şəxslərinə bildirilsə də, müxtəlif bəhanələr gətirilərək qərarı icra etməyiblər. Bu polis idarələri tərəfindən məcburi gətirilmə qərarlarına belə etinasız münasibət ilk dəfə deyil. Demək olar ki, digər cinayət işləri ilə bağlı da eyni hallarla hər dəfə rastlaşırıq.

Hörmətli Seyfulla müəllim, Abşeron rayon və Sumqayıt şəhər polis İdarələri məcburi gətirmə qərarını icra etmək iqtidarında (ya marağında) olmadığı üçün qərarın icrasını digər rayon Polis İdarələrinə həvalə etməyinizi xahiş edirəm”.

Hakim Zeynal Ağayev bütün məktublara şahidlərin yaşadığı ünvanları və telefon nömrələrini qeyd edib.

Murad Əhməd