“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” - Məhərrəm Əliyev

“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi”
Oxunma sayı: 2243

“44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra sübuta yetirildi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasında öz nüfuzlu mövqeyini daha da artırıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev “REALTV.AZ”a müsahibəsində deyib:

“Ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı və ən əsası, döyüş ruhunun daim yüksək olması reallığı həm də hərb elminə yeniliklər gətirib. Təbii ki, bütün bu uğurlar asan əldə edilməyib və böyük zəhmətlər hesabına qazanılıb. Bu məqamda biz Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və praqmatikliyi faktorunu özəlliklə vurğulamalıyıq.

Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Ötən illər ərzində Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb. Bundan sonra da ordu quruculuğu sahəsində müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur”.

Prezidentin köməkçisinin sözlərinə görə, ölkə rəhbərinin tapşırığına uyğun olaraq ordu quruculuğu sahəsində aparılan islahatlar uğurlu nəticələri ilə nəzərə çarpır:

“Qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur.

Bu xüsusda Şuşa Bəyannaməsinin imzalanması müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallaşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir”.