OPEC-ə yeni baş katib seçilə bilər

OPEC-ə yeni baş katib seçilə bilər
Oxunma sayı: 811

OPEC ölkələri nazirlərinin iclasında təşkilatın yanvarda növbədənkənar iclasının çağırılması təklif edilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə TASS-a danışıqlarda iştirak edən mənbə məlumat verib.

Qeyd olunub ki, yanvar ayında keçiriləcək iclasda yeni baş katib seçilə bilər.

"Görüş başa çatıb. Biz növbəti görüşü OPEC-ə daxil olmayan ölkələrdən ayrılıqda yanvarda keçirmək qərarına gəldik. Orada yeni baş katib seçiləcək", - mənbə deyib.

2016-cı ildən OPEC-in baş katibi vəzifəsini Məhəmməd Barkindo tutur, onun ikinci səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır. OPEC-in nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.

Ümumilikdə, OPEC-in, Barkindonu nəzərə almasaq, 1961-ci ildən bəri OPEC-in işinə nəzarət edən 22 baş katib və beş konfrans prezidenti olub. 2007-2013-cü illərdə baş katib postunu tutan, daha sonra isə OPEC-in yeni baş katibi seçə bilmədiyi üçün səlahiyyətləri 2016-cı ilin iyul ayına qədər uzadılan Liviya nümayəndəsi Abdulla Salem əl-Bədri bu vəzifədə ən uzun müddət qalan şəxs olub.