Xerson vilayətində yerləşən Kaxovka SES-nin infrastrukturunun dağılması nəticəsində azı 7 nəfər itkin düşüb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Nova Kaxovka şəhərinin meri Vladimir Leontyev açıqlayıb.
Sözügedən şəxslərin axtarışları davam etdirilir.
Məlumata görə, şəhərdə suyun səviyyəsi enməyə başlayıb və hazırda 35 sm-ə qədər enmə qeydə alınıb. Ümumilikdə Kaxovka SES-də baş verən partlayışdan sonra 2700 evi su basıb, təqribən 1300 nəfər təxliyə edilib.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib.
Qeyd edək ki, Kaxovka SES Xerson vilayətinin Rusiyanın nəzarətində olan hissəsində yerləşir.