Nikoil Bank-dan hücuma məruz qaldığını deyən müştəri haqda açıqlama

Nikoil Bank-dan hücuma məruz qaldığını deyən müştəri haqda açıqlama
Oxunma sayı: 954

Bakı sakini Ülvi Quliyev müştərisi olduğu Nikoil Bankın əməkdaşlarının ona hücum etdiyini iddia edib. O deyir ki, bu hadisə Quliyev kredit ödənişini gecikdirdiyi üçün baş verib. 

Şikayətçi “Qafqazinfo”ya bildirib ki, iki ay əvvəl bankın 8 saylı filialından 4 min manat dəyərində kredit götürüb. Müştəri iddia edir ki, bu ay ödənişi 7 gün gecikdirdiyi üçün bankın əməkdaşları iş yerinə gələrək ona hədə-qorxu gəlib:

“Bankın əməkdaşları Ülvi və Nahid adlı şəxslər əvvəlcə mənim üstümə qışqırdı. Daha sonra mənim üzərimə hücum çəkdilər. Hətta zorbalıq edərək əmlakıma da zərər yetiriblər. 7 günlük gecikməm var, faiz gəlsin. Bu, onlara kiminsə üzərinə hücum etməyə heç bir əsas vermir”. 

“Qafqazinfo” məsələ ilə bağlı bankın İctimaiyyətlə əlaqələr və Sosial məsuliyyət departamentinin rəhbəri Nurlana Musayeva ilə əlaqə saxlayıb. O bildirib ki, məsələ araşdırılıb və bank işçilərinin qanuni prosedurlardan kənara çıxmadığı müəyyən olunub:

“Şikayətdə adıçəkilən əməkdaşlarımızdan yazılı qaydada izahat almışıq. Bildirilib ki, Ülvi Quliyev iki ay öncə kredit alıb və ödənişi xroniki olaraq gecikdirir. Bu kimi hallarda bankın daxili qaydalarına əsasən müştəriyə zəng vurulur, daha sonra onun qeyd etdiyi ünvana gedilir. Bu, bizim borcumuzdur. Bank işçisi kiminsə qapısını döyürsə, bu, o demək deyil ki, sərt davranacaq. Bəlkə bir problemi var. Müştərilərimizin vəziyyəti ilə maraqlanırıq. Gün ərzində onlarla belə hadisə olur.

Əməkdaşlarımızın sözlərinə görə, onlar ofisə daxil olan kimi həmin şəxs qışqırmağa başlayıb. Jurnalist dostlarının olduğunu və onlara müraciət edəcəyini bildirib. Hətta əməkdaşlarımıza bu kimi şantaj yolu ilə hədə-qorxu gəldiyi üçün biz hüquq-mühafizə orqanlarına müraciət edə bilərik. Bu kimi təxribat xarakterli hallara tam qarşıyıq və müştərilərimizin problemi olduğu halda hər zaman onlara dəstək göstərməyə hazırıq”. 

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi