Nəsimidə Anım Günü ilə bağlı tədbir keçirildi - Fotolar

Nəsimidə Anım Günü ilə bağlı tədbir keçirildi
Oxunma sayı: 1726

27 sentyabr - Anım Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı) tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə rayon hüquq-mühafizə orqanları rəhbərlərinin, rayon ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin, gənclərin, Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi əlilləri və veteranların iştirakı ilə Şəhidlərin məzarı ziyarət olunub və rayonun Cavadxan küçəsi boyunca şəhidlərin əziz xatirəsinə 500 ağac əkilib. 

Sonra tədbir iştirakçılarının iştirakı ilə rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı) tədbir davam etdirildi.
Nəsimi rayon məktəblilərindən ibarət “Şahinlər” komandasının iştirakı ilə hərbi rəhbər rayon rəhbərliyni salamlamış və tədbiri açıq elan etmişdir. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşaiyəti ilə saat 12.00-da Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səslənib.

Giriş sözü ilə tədbiri açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir”.

Sonra Nəsimi rayon məktəblilərindən ibarət “Şahinlər” komandasının iştirakı ilə hərbi andiçmə mərasimi keçirilib.