NEQSOL Holding-in dəstəyi ilə Binədə bəzi binalar və küçələr əsaslı təmir olunub - Fotolar

NEQSOL Holding-in dəstəyi ilə Binədə bəzi binalar və küçələr əsaslı təmir olunub
Oxunma sayı: 1140

NEQSOL Holding özünün korporativ sosial məsuliyyət strategiyasına əsasən müxtəlif layihələrini və işlərini davam etdirir. Bu sırada həmçinin NEQSOL Holding-in maliyyə dəstəyi və Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binə qəsəbəsində müxtəlif bərpa və təmir-tikinti layihələri həyata keçirilir.

Qəsəbənin mərkəzi yaşayış massivində 1000 nəfərədək əhalinin yaşadığı, 16 blok və 240 mənzildən ibarət iki bina əsaslı təmir olunub. Binaların fasadları, blokları və girişləri təmir edilib, damı izolyasiya olunaraq yenidən inşa edilib, yeni plastik pəncərələr quraşdırılıb, mərkəzləşdirilmiş antena sistemi qurulub və sair işlər görülüb.

Mərkəzi yaşayış massivində 650 nəfərədək əhalinin yaşadığı, uzunluğu 2,2 km olan Məhəmməd Füzuli küçəsi və yolətrafı infrastruktur yenidən qurularaq oktyabrda istifadəyə verilib. Əsas və məhəllə yollarına, və evlərin qarşısına 17145 m2 asfalt vurulub və 2000 metr uzunluqda piyada yolları tikilib. Evləri və yolları yağış sularından qorumaq üçün ümumən 450 m3 həcmdə 3 beton rezervuar tikilib, 2100 metr boru çəkilib və 55 barmaqlıq quraşdırılıb.

Atçılıq yaşayış massivində poçt şöbəsi və tibb məntəqəsi tikilir. Qeyd edək ki, əhali bu xidmətlər üçün hazırda digər ərazilərə getməli olur.

Həmçinin, ötən il qəsəbədə 1000 nəfərədək əhalinin yaşadığı Nizami Abbasov (1,5 km) və Xaqani (1,6 km) küçələri və yolətrafı infrastruktur holdinqin maliyyə dəstəyi ilə yenidən qurulub.

NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.