“Nəqliyyat Könüllüləri”ndən maraqlı layihə təklifləri - Fotolar

“Nəqliyyat Könüllüləri”ndən maraqlı layihə təklifləri
Oxunma sayı: 637

“Nəqliyyat Könüllüləri” iki aylıq təcrübə müddətində bilik və bacarıqlarını artıraraq, araşdırmalar apararaq maraqlı layihə təklifləri hazırlayıblar.

"Qafqazinfo" xəbər verir ki, layihələrin hazırlanmasında əsas məqsəd Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxtın əlçatanlığı, təhlükəsizliyi və mobilliyi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaqdır.

Agentliyin aparıcı mütəxəssislərinin ekspert qismində iştirak etdiyi görüşdə könüllülər komandalar şəklində "Sahilə yaşıl işıq", "Nəqliyyatda modernləşmə", "İctimai nəqliyyatdan istifadə qaydaları" "Bağırov körpüsü - Keşlə layihəsi", "Yerüstü piyada işıqları", "Smart Səyahət" adlı innovativ layihələri təqdim ediblər. Könüllülərin təqdimatları maraqla qarşılanıb. Mütəxəssislər tərəfindən həyata keçirilməsi daha real və məqsədəuyğun hesab edilən təkliflər yüksək qiymətləndirilib.

Məlumat üçün bildirək ki, hər il ən yaxşı layihələr BNA tərəfindən dəstəklənir və könüllülər müxtəlif işlərə cəlb olunurlar. İndiyə kimi 15 nəfər könüllü tam ştatla işə götürülmüşdür. Nəqliyyat Könüllüləri proqramı artıq 3-cü ildir ki, müvəffəqiyyətlə icra olunur. Ölkəmizin ən aparıcı könüllü proqramlarından biri olan "Nəqliyyat Könüllüləri" Azərbaycan könüllüləri brendinin formalaşmasına öz töhfəsini verir.