“Neftçi”-“Sumqayıt” oyunu heç-heçə başa çatdı

“Neftçi”-“Sumqayıt” oyunu heç-heçə başa çatdı
Oxunma sayı: 1022

Oktyabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Matçın 50-ci dəqiqəsində meydan sahiblərindən Murad Xaçayev topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb. 77-ci dəqiqədə isə "Sumqayıt"ın və Azərbaycan millisinin zədəsi yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq əvəzlənməli olub. Bu nəticədən sonra "Neftçi" 14 xalla 2-ci, "Sumqayıt" 8 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib, "Qəbələ" - "Zirə" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1.

Tura bu gün "Sabah" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.