Nazarbayevin qızı ölkədən 300 milyon dollar çıxarıb

Nazarbayevin qızı ölkədən 300 milyon dollar çıxarıb
Oxunma sayı: 6690

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və ailəsi son həftələrdir gündəmdən düşmür. Ölkədə kütləvi etiraz aksiyaları zamanı bir çox KİV Nazarbayevin və onun ailə üzvlərinin ölkəni tərk etdiyini yazırdı. Qırğızıstan mediası yanvarın 6-sı sabiq Prezidentin ailəsinə məxsus iki təyyarənin Bişkek şəhərində yerə endiyi barədə məlumat yaymışdı.

Yanvarın 9-u isə ölkənin birinci Prezidentinin mətbuat katibi Aydis Ukibay bəyan edib ki, Nazarbayev Nur-Sultan şəhərindədir və ölkə Prezidenti Kasım-Jomart Tokayevlə daim əlaqə saxlayır.

Bununla yanaşı, Nazarbayevin deputat qızı Dariqa Nazarbayevanın ölkə parlamentinin aşağı palatasının iclasına qatılmaması ciddi müzakirələrə səbəb olub. Belə iddia edilir ki, Nazarbayeva xəstə olduğundan iclaslara qatılmayıb. Onun xəstəliyinin nə olduğu açıqlanmayıb.

Qeyd edək ki, Dariqa Nazarbayevin böyük qızıdır.

“Qafqazinfo”nun Britaniyanın “The Telegraph” nəşrinə istinadən xəbərinə görə, indi isə Nazarbayevin kiçik qızı Aliya gündəmə gəlib.

Nəşr yazır ki, Aliya Nazarbayeva şəxsi təyyarə və elit daşınmaz əmlak da daxil olmaqla xarici aktivlərə sahibdir. Həmçinin məqalədə Qazaxıstandan 300 milyon dollardan çox vəsaitin çıxarılmasından da bəhs edilir.

Belə məlum olub ki, siyasətçinin qızının sözlərinə görə, hələ 2006-cı ildə bir biznesdə öz payını satması qarşılığında 325 milyon dollar əldə edib. Aliya bu məbləğin 312 milyonunu ölkədən çıxarıb, belə ki, bu pulları ölkədə saxlamağı özü üçün təhlükəli hesab edib. O, bunu maliyyə menecerləri ilə bölüşüb və  onların köməyi ilə Lixtenşteyndə fond yaradıb.

Məqalədə söhbətin hansı biznesdən getdiyi açıqlanmayıb. Aliya Qazaxıstanda ilk növbədə ictimai xadim və incəsənət sahəsində müxtəlif fondların rəhbəri kimi məşhurdur.

Aliya Nazarbayevanın öz iki keçmiş maliyyə meneceri ilə mübahisəsindən sonra onun maliyyə məsələləri barədə məlumat yayılıb. Siyasətçinin qızı onları qeyri-dürüstlükdə və saxtakarlıq məqsədilə əlbir olmaqda ittiham edərək məhkəməyə verib, lakin sonra iddia məxfi razılaşma yolu ilə həll olunub.

Aliya Nazarbayeva ölkədən sözügedən vəsaitləri çıxardıqdan sonra Londonun prestijli hissəsində təqribən 12 milyon dollara malikanə, Dubayda 14 milyon dollara ev və demək olar ki, 24,5 milyon dollara “Bombardier Challenger” təyyarəsi, eləcə də 108 milyon dollara İsveçrənin “CBH Bank”ın səhmlərinin 51%-ni alıb. Qadın Londondakı daşınmaz əmlakı Britaniya vətəndaşlığı əldə etmək məqsədilə alıb.

Nazarbayev ailəsinin Britaniyada digər mülkləri də var. Belə ki, Dariqa Nazarbayeva və onun oğlu Nurali Əliyevin 100 milyon dollardan çox qiymətə malik daşınmaz əmlakı var. “The Times”ın məlumatına görə, Beyker-stritdə Şerlok Holmsun məşhur evi də Dariqaya məxsusdur.