NATO Rusiyanın Ukrayna ilə bağlı çağırışına mənfi cavab verib

NATO Rusiyanın Ukrayna ilə bağlı çağırışına mənfi cavab verib
Oxunma sayı: 1124

Avropanın təhlükəsizliyi üçün mühüm məqamda NATO-Rusiya Şurasının iclasında çətin müzakirə aparılıb və tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq Brüssel görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Avropa təhlükəsizliyi üçün əsas məqamda çətin müzakirə oldu, lakin bu, görüşü daha da vacib etdi. Ukraynadakı vəziyyət və Avropanın təhlükəsizlik məsələləri ilə bağlı çox ciddi və birbaşa fikir mübadiləsi aparıldı. Bu məsələlər üzrə Rusiya ilə NATO arasında ciddi fikir ayrılıqları var”, - Dtoltenberq deyib. 

O bildirib ki, NATO bəzi ölkələrin, o cümlədən Ukraynanın alyansa qəbulu məsələsində güzəştə getməkdən imtina edir:

“Bütün müttəfiqlər alyansın əsas prinsipi üzərində birləşiblər: hər bir ölkə öz yolunu seçməkdə azaddır. Kiyevin alyansa üzv olmağa nə vaxt hazır olacağına yalnız Ukrayna və 30 NATO üzvü qərar verə bilər. Rusiyanın Ukrayna ilə bağlı veto hüququ yoxdur. Müttəfiqlər Kiyevi NATO-ya üzvlük yolunda dəstəkləməyə hazırdırlar”. 
Stoltenberq deyib ki, iclas zamanı Rusiya tərəfinə Ukrayna ilə sərhəddə rus qoşunlarının mövcudluğunun görüldüyü bildirilib:

“Biz qüvvələrin, artilleriyanın, qoşunların və təhdid ritorikasının artdığını gördüyümüzü dedik”.

Baş katibin sözlərinə görə, “Ukrayna Rusiya üçün təhlükə deyil, əksinədir”.

“Ukraynanın özünümüdafiə hüququ var. Və təbii ki, bəzi müttəfiqlər və NATO bu işdə Ukraynaya kömək edir”, - o deyib.

Stoltenberq hesab edir ki, alyansın genişlənməsinin təcavüz aktı olması ilə bağlı fikirlər doğru deyil, çünki NATO demokratiyanı yayan müdafiə təşkilatıdır: 

"NATO müdafiə ittifaqıdır, biz heç vaxt heç kimi təşkilatımıza qoşulmağa məcbur etməmişik. NATO-nun genişlənməsinin hazırda təcavüz aktı olması fikri doğru deyil. NATO-nun genişlənməsi Avropada azadlıq və demokratiyanın yayılmasında təməl daşı olub və olaraq qalır”.

Stoltenberq deyib ki, NATO üzvləri irəliləmək üçün siyasi yollar tapmaq üçün səylərini əsirgəməyəcəklər.

“NATO-nun müttəfiqləri irəliləyiş üçün siyasi yollar tapmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Mən həmçinin ABŞ və Rusiya Federasiyası arasında ikitərəfli məsləhətləşmələri, eləcə də ATƏT-in sabahkı görüşünü alqışlayıram. Bütün bunlar Avropanın təhlükəsizliyi naminə qaçırılmamalı olan konstruktiv fəaliyyət üçün imkanlardır”, - baş katib qeyd edib.