MTN polkovniki bunu da etdi - “İtsiz, dalıma düşmüsüz?”

MTN polkovniki bunu da etdi
Oxunma sayı: 11866

Sabiq MTN polkovniki Vüsal Ələkbərov jurnalistləri təhqir edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Aytən Məmmədova öz feysbuk hesabında video paylaşıb.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasdan sonra V.Ələkbərova sual vermək istəyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanski və “Azadlıq” radiosunun əməkdaşı Aytən Məmmədova ona yaxınlaşıblar. Lakin o barəsindəki ittihamlara cavab verməkdən boyun qaçırıb və uzaqlaşmağa başlayıb. Jurnalistlərin arxasınca gəldiyini görən MTN polkovniki “itsiz, dalıma düşmüsüz? Gedin işinizlə məşğul olun” deyərək onlara etiraz edib.

Vüsal Ələkbərov çəkiliş üçün icazə vermədiyini bildirib.

Qeyd edək ki, V.Ələkbərov 2015-ci ildə MTN-də keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilsə də, Ali Məhkəmə tərəfindən cəzası şərti hesab edilib və 3 ildən sonra azadlığa çıxıb.

O, 2008-2014-cü illərdə MTN-də İstintaq Baş İdarəsində şöbə rəisi olduğu dövrdə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. Hazırki cinayət işi üzrə 32 zərərçəkmiş var və bir çoxu Vüsal Ələkbərov tərəfindən qanunsuz həbs edildiyini, külli miqdarda pul alındığını iddia edirlər.